BAKI, 3 yanvar - Sputnik. Moskva Tokiodan gələn hərbi təhdidlərin qarşısını alacaq. Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Onun sözlərinə görə, Yaponiyanın ölkənin dinc inkişafından imtina etmək kursu Rusiya və Asiya-Sakit okean regionunun təhlükəsizliyi üçün ciddi problemdir.
Xüsusilə, o, Yaponiyanın Rusiya sərhədləri yaxınlığında qeyri-regional tərəfdaşların iştirakı ilə irimiqyaslı hərbi təlimlər keçirməsinə, müdafiə və təhlükəsizlik sahəsində doktrinal sənədlərin yenilənmiş variantının qəbul edilməsinə diqqət çəkib.
O, bildirib ki, Rusiya bu məsələ ilə bağlı öz mövqeyini mütəmadi olaraq ictimai məkanda, eləcə də diplomatik kanallar vasitəsilə səsləndirir. Rudenko xəbərdarlıq edib ki, Yaponiyanın hərbi fəaliyyətini davam etdirəcəyi təqdirdə Rusiya adekvat tədbirlər görməyə məcbur olacaq.