İQTİSADİYYAT

Plastik kartla alış-veriş edənlər ƏDV-nin daha çox hissəsini geri ala biləcək

İşğaldan azad olunan ərazilərimizdə nağdsız ödəniş edən vətəndaşları üçün isə ƏDV-nin 30.0 faizi geri qaytarılacaq.
Sputnik
BAKI, 3 yanvar - Sputnik. Yanvar ayının 1-dən Vergi Məcəlləsində yeni dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərdən biri də ƏDV-ni geri al qaydaları ilə bağlıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, artıq bu aydan etibarən plastik kartdan istifadə edərək alış-veriş edən vətəndaşlarımız üçün ƏDV-nin 15.0 deyil, 17.5 faizi geri qaytarılacaq. Eyni zamanda, nağd şəkildə ödəniş edənlər ƏDV-nin 10.0 deyil, 5.0 faizini geri ala biləcəklər.
Deputat onu da bildirib ki, işğaldan azad olunan ərazilərimizdə nağdsız ödəniş edən vətəndaşlarımız üçün isə ƏDV-nin 30.0 faizi geri qaytarılacaq:
Vüqar Bayramov
"Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzurda yanvarın 1-dən etibarın 10 illik geniş miqyaslı güzəştlərin tətbiqinə start verilib. Bu isə o deməkdir ki, plastik kartdan istifadə edərək ödəniş edən vətəndaşlarımıza bu ildən etibarən daha çox vəsait geri qaytarılacaq. Bu baxımdan nağdlı deyil, nağdsiz ödəniş daha məqsədəuyğun və eləcə də iqtisadiyyatın leqallaşması baxımdan çox vacibdir".
Millət vəkili bildirib ki, ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılmasıdır:
"Bu, iqtisadiyyatın ağardılması və islahatlarının dərinləşdirilməs baxımdan vacib idi. Bütövlükdə, bu ildə də “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və real sektorun da bu imkanlardan faydalanmasına imkan yaradacaq".