MƏDƏNİYYƏT

Yola saldığımız ilin ən qalmaqallı mədəniyyət hadisələri

2022-ci ilin bitməsinə saylı günlər qalıb. Yola salmağa hazırlaşdığımız 2022-ci il şou-biznes və mədəniyyət aləmi üçün səs-küysüz ötüşməyib.
Sputnik
BAKI, 1 yanvar — Sputnik. Yola saldığımız 2022-ci il şou-biznes və mədəniyyət aləmi üçün səs-küysüz ötüşməyib. Sputnik Azərbaycan ötən ilin ən yadda qalan qalmaqallarını təqdim edir.
İlin ən rezonans doğuran hadislərindən biri Prezident İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışından sonra bir neçə şəxs tərəfindən heykələ zərər vurulması oldu. Hadisədən dərhal sonra heykələ zərər vuran şəxslər həbs ediliblər. Bundan başqa, Hacı Zeynalabdin Tağıyevin İçərişəhərdə qoyulan heykəli postamentsiz, yerdən qoyulması da narazılığa səbəb oldu. Heykəltəraş Xanlar Əhmədov bunu xeyriyyəçinin xalqdan biri olması, daim xalqın arasında olması ilə izah etdi.
İlin ən çox danışılan konsertlərindən biri iyun ayında Xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev adına sarayda baş tutan konserti oldu. Xalq artistinə baha başa gəlsə də, izləyicilər konsertdən narazı getmişdi. Buna səbəb isə konsertdə daha çox müğənninin tələbələrinin ifasına yol verməyi olub.
Xalq artisti Brilliant Dadaşova
Dadaşova jurnalistlərə açıqlamasında tələbələri ilə çıxış etməyin ona baha başa gəldiyini, buna görə maşınını satmalı olduğunu da etiraf etmişdi.
Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçildikdən sonra digər Xalq artisti Əbdül Mahmudovla dostluq münasibəti bitdi. Buna səbəb isə Şeyx Əbdülün Balayevi kinoya xəyanətdə suçlaması, sədrlik təklifi ilə razılaşmamalı olduğunu deməsi idi. Bundan sonra tərəflər bir-birilərinin ünvanına ağır sözlər səsləndirdi. Məsələ o həddə çatdı ki, R.Balayev keçmiş dostuna "Axmaq, səviyyəsiz", rejissor isə aktyor barəsində "Tarixdə xəyanətkar kimi qalacaqsınız" açıqlamasını verdi.
Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə bağlı qalmaqal bununla bitmədi. Rasim Balayevin səhhətində olan problemlərə rəğmən İttifaqın sədri seçilməsi uzun müddət müzakirələrə səbəb oldu.
Rasim Balayev
Əməkdar artist Elza Seyidcahanın obyekti ilə bağlı borcuna görə, Xoşqədəm Hidayətqızının verilişində xalqdan yardım istəməsi böyük qalmaqala səbəb oldu. Onun ünvanına sərt sözlər deyənlər də var idi, müdafiə edənlər də.
İlin ən çox müzakirə olunan tədbirlərindən biri də Milli yaylaq festivalı idi. İyulun 29-31-də Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında II Milli Yaylaq Festivalında baş verən hadisələr uzun müddət ölkə gündəmini zəbt etdi. İyulun 30-da ölkəmizin müxtəlif media orqanları nümayəndələrinin Hacıkənd qəsəbəsinə səfəri təşkil olunmuşdu. Səfərdən dönüş zamanı saat 20 radələrində media nümayəndələrini daşıyan avtobus festival ərazisindən yola düşüb. Təxminən 700 metr məsafə qət olunduqdan sonra güclü yağış yağmağa başlayıb, torpaq yolda yaranmış palçıq nəqliyyat vasitəsinin hərəkətində çətinlik yaradıb. Ərazidə xidmət aparan DİN-in əməkdaşları tərəfindən iritutumlu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Avtobusda olan media nümayəndələrinin bir qrupu səfərə məsul olan Mədəniyyət Nazirliyinin və polis əməkdaşlarının təkidlərinə baxmayaraq, nəqliyyat vasitəsini tərk edərək piyada yollarına davam ediblər.
Milli Yaylaq Festivalı
Nazirliyin Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov həmin şəxslərin şəxsi avtomobili ilə qarşılanıb müvafiq qaydada yerləşdirilməsini təmin edib. Avtobusda qalan digər nümayəndələr isə nazirliyin rəsmi şəxslərinin aidiyyəti dövlət orqanları ilə danışıqlarından sonra səhər saatlarında ərazidən təhlükəsiz yerə köçürülüb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun şəxsən iştirakı ilə DYP-nin əməkdaşları tərəfindən yüksək manevr imkanlarına malik nəqliyyat vasitəsilə media mənsubları beş-beş Hacıkənd qəsəbəsinə evakuasiya edilib. Bu narahatlığa görə, Mədəniyyət Nazirliyi media nümayəndələrindən və qonaqlardan üzr istəyib.
Əməkdar mədəniyyət işçisi, Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanovun arxivini yandırması ictimaiyyət arasında böyük səs-küyə səbəb olub. İctimai rezonansa səbəb olmuş hadisə ilə bağlı Tahir Əmiraslanovla həmsöhbət olmuşduq. T.Əmiraslanov kitablarının yandırılması ilə bağlı səslənən şayələrə aydınlıq gətirib:
"Mən sosial şəbəkədə kitablarımdan maraqlı məlumatları paylaşırdım. Gözləyirdim ki, camaat baxıb rəy bildirəcək. Bir neçə dilçi dostlarım rişxəndlə dedilər ki, "Tahir Leninqradda oxuyub, ona görə də o, Azərbaycan dilində yaza bilməz". Mən də 4 səhifəlik bir yazı yazdım, dedim ki, kim bunu tərcümə etsə, ona 10 min dollar mükafat verəcəyəm. Hələlik heç kəs onu tərcümə etməyib. 5-10 nəfər "like" edib, onlar da heç oxumayıb. Mənim "protest"imin əsası bu idi ki, bu kitablar oxunmursa, onları saxlamaq nəyə lazımdır?".
Azərbaycan milli mətbəxinin yemək reseptlərinin olduğu kitab
Bakı dənizkənarı milli parkında əfsanəvi azərbaycanlı ifaçı Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə ucaldılan abidəsi ən çox müzakirə olunanlar sırasındadır. Abidənin ucaldılması ilə bağlı müxtəlif səbəblərdən narazılıq edənlər də olub. Belə ki, sosial şəbəkələrdə bəziləri abidənin postamentə qoyulmamasına qəzəblənib, bəziləri isə əsərin tamamilə "orijinala bənzəmədiyini" israrla qeyd edib.
Oktyabrın 26-da Yazıçılar Birliyi XIII qurultayını təşkil etdi. Xalq yazıçısı Çingiz Abdullayev Yazıçılar Birliyinin qurultayının təşkil edilməsi üçün xərclənən vəsaitlə bağlı ona sual ünvanlayan jurnalistə "...niyə ölmürsən, utanmıqdan" cavabı ölkə gündəmin altını üstünə çevirib. Təxminən yeddi saat davam edən qurultayın ilk anlarından etibarən çıxış edənlərin hamısı mövqelərini açıq şəkildə göstərərək Anar Rzayevin 35 illik sədrlik fəaliyyətini daha beş il də uzadacaqlarını bildirdi. Bu da ilin ən çox danışılan mövzusu oldu.
Yazıçı Əlisa Nicatın maddi vəziyyətinin pis olması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Sosial media istifadəçiləri bu məsələdə daha çox Azərbaycan Yazıçılar Birliyini tənqid edib. Məsələ ilə bağlı Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, mətbuat xidmətinin rəhbəri Xəyal Rza Sputnik Azərbaycan-a bildirib ki, yazıçı təqaüd almaq üçün mütləq ərizə ilə müraciət etməli idi: "Şayiələr gəzir ki, ona ev verilib, amma yazıçı onu satıb. Bunun nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm. Təqaüdə gəldikdə isə yazıçı bununla bağlı müraciət etməyib. Yəqin ki, gələn il ona təqaüd ayrılacaq. Fevral ayına qədər sənədlər toplanır, fevraldan sonra təqaüd ala bilər".
Əlisa Nicat
İlin ən çox müzakirə mövzusundan biri də Mədəniyyət Nazirliyinin Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalara başlaması oldu. Belə ki, sosial media nümayəndələri yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu bildirilir. S.Haqverdiyevanın sözlərinə görə, Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib. Keçmiş məmur təklifini Kukla Teatrının ötən ilin dekabr ayında keçirilən 90 illik yubleyində səsləndirib.
Rejissor bildirib ki, teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib. Bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb.
Bundan başqa, rejissor rejissor Səidə Haqverdiyeva mediaya verdiyi açıqlamasında bildirmişdi ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına xarici ölkələrdən dəvət gəlir. Mədəniyyət Nazirliyi onlara "bizim sizi festivala göndərməyə büdcəmiz yoxdur", - deyə cavab veribmiş.
İlin ən son qalmaqallı hadisəsi isə Mədəniyyət naziri Anar Kərimovun vəzifəsindən azad edilməsi olub. Kuluarlarda danışılanlara görə, Kərimov Kukla Teatrında aparılan yoxlamanın qurbanına çevrilib.