BAKI, 1 yanvar — Sputnik. Azərbaycanlı şou-biznes ulduzları Yeni ili müxtəlif məkanlarda qarşılayıblar və demək olar ki, yaxşı pul qazanıblar.
Xalq artisti, pop diva Aygün Kazımova Yeni il günü yarım saatlıq çıxışı üçün 25 000 AZN qazanıb. Estradamızın sevilən ulduzu Röya Ayxan isə bir saatlıq çıxışı üçün 60 000 AZN əldə edib.
Digər müğənnilər isə qazandıqları məbləği açıqlamayıblar. Lakin qeyd etdikləri məkanları da gizli saxlamayıblar.
Belə ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəlik günü və Yeni il gecəsini son zamanların ən populyar müğənnisi Hiss "Elektra Events Hall"un səhnəsində qarşılayıb. O, həmkarları Elnur Hüseynov, JİN (Ceyhun Zeynalov) və Elşad Xose ilə birlikdə səhnəni bölüşüb.
Natəvan Həbibi və Xalq artisti Brillant Dadaşova da paytaxtın məşhur restoranlarının birində yeni ili sevənləri ilə qarşılayıblar.
Müğənni Günay İbrahimli 31 Dekabrda Qubadakı otellərin birində səhnəyə çıxıb.
Xalq artisti Miri Yusif paytaxtdakı istirahət məkanlarının birində səhnədə yer alıb. Həmin məkanda onunla birlikdə Zamiq Hüseynov, Elnur Hüseynov və Xalq artisti Zülfiyyə Xanbabayeva da yeni ili qarşılayıblar.
Sevda Ələkbərzadə isə Yeni ili Şəkidə qarşılayıb. O səhnəni həmkarı Azad Şabanovla paylaşıb.
Müğənni Damla da 31 Dekabrda Şəkidə yerləşən restoranların birində səhnədə olub.
Azərbaycanın xalq artisti, Cənab Qızıl Şlyager Faiq Ağayev isə Qubada yeni il şousu ilə sevənlərinin qarşısına çıxıb.
Müğənni Kərim Abbasov yeni ildə paytaxtın 5 məşhur restoranında səhnəyə çıxıb.