BAKI, 1 yanvar — Sputnik. Yer üzündə demək olar ki, hər bir canlının orqanizmi ritmlərdən ibarətdir. Yəni, yarpaqdan, göbələkdən tutmuş insanadək hər bir canlı müəyyən bioloji ritmlərin cəmindən ibarətdir. Hətta ən kiçik canlı hissəciklərin - mikrobların belə bioloji prosesləri, bioloji ritmləri var və bütün bunlar insanın var olması, yaşaması üçün çox önəmlidir.
Bir sözlə, təqribən 24 saat davam edən bioloji proses ümumilikdə bizim həyat ritmimizi müəyyən edir.
Maraqlıdır, bioloji saat nələri tənzimləyir?
Müxtəlif elmi tədqiqatların müəllifi, Nobel mükafatı laureatı, türk əsilli Aziz Sancarın yeganə azərbaycanlı tələbəsi, molekulyar biologiya və genetika üzrə doktorant Xaqani Eynullazadə bu istiqamətdə müxtəlif araşdırmalar aparıb.
X.Eynullzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bioloji saat və ya sirkadiyalı ritmlər (sirkadiyalı ritmlər 24 saatlıq dövrü izləyən fiziki, zehni və davranış dəyişiklikləridir) canlılarda mövcud olan, müxtəlif orqanizmlərin fəaliyyətini dövri olaraq tənzimləyən təbii bioloji mexanizmdir:
"Bu mexanizm demək olar ki, insan orqanizmində yerləşən bütün orqan və toxumalarda mövcuddur. Ümumiyyətlə, nəinki insanlarda, o cümlədən də digər canlı orqanizmlərdə də bioloji saat mövcuddur".
Həmsöhbətimiz bildirir ki, insan orqanizmindəki bioloji saat beyində yerləşən əsas saat vasitəsi ilə tənzimlənir: "Beyində yerləşən bu mərkəz təxminən 20 min sinir hüceyrəsinin birləşməsindən əmələ gəlir və supraxiazmatik nüvə (SCN) hipotalamusun ön hissəsində yerləşən ikitərəfli bir quruluşdur, bədəndəki sirkadiyalı ritmlərin əksəriyyətini tənzimləyir) adlanır. Bu mərkəz beyində hipotalamusda yerləşir və bilavasitə gözdən gələn işıq siqnallarına əsasən orqanizmin bioloji saatını tənzimləyir".
Bioloji saatın əsas iş mexanizmi
X.Eynullazadə bildirir ki, bioloji saatın əsas işləmə mexanizmi xaricdən gələn siqnallar (məsələn işıq) və digər faktorların təsiri əsasında hüceyrələrdə yerləşən genlərin fəaliyyətini tənzimləyərək orqanizmi mövcud şəraitə hazırlamaqdır:
"Bioloji saatda iştirak edən ən vacib genlərə "Dövr və Kriptoxrom" (The Period and Cryptochrome) nümunə ola bilər. Araşdırmalar sübut edir ki, bu genlərin kodladığı proteinlər hüceyrədə gecə vaxtı çox, gündüz isə az olur. Həmin proteinlər ayıqlığı, beyinin reaksiya sürəti kimi prosesləri tənzimləyir".
Alimin sözlərinə görə, ümumiyyətlə, bioloji saat oranizmdə hormonal fəaliyyət, qidalanma, bədən temperaturu və ən önəmlisi, yuxu kimi vacib prosesləri tənzimləyir. "Hipotalamusda yerləşən mərkəzi saat, SCN, melatonin (Melatonin insan orqanizmində təbii olaraq tapılan bir hormondur və yuxu-oyanma dövrünü tənzimləyir. O, beynin bir az altında yerləşən epifiz tərəfindən ifraz edilir) adlanan hormonun istehsalını tənzimləyir", - deyə o əlavə edib.
O bildirir ki, gözdən gələn işıq siqnalları azaldıqda SCN melatonin hormonunun istehsalını tətikləyir, hormonun artması bioloji saatın gecə rejiminə keçməsini tənzimləyir və yuxu gətirir: "Buna görə də gecə yatmazdan öncə telefon və digər elektronik cihazlardan istifadə etməmək məsləhət görülür. Çünkü bu cihazların ekranlarından gələn mavi işıq melatonin istehsalına, bununla da orqanizmin yuxu rejiminə keçməsinə mane olur".
X.Eynullzadə bildirir ki, bioloji saatı tam idarə etmək mümkün olmasa da, onun optimal fəaliyyət göstərməsi üçün bir sıra vərdişlərə əməl etmək olar: "Məsələn, xüsusi ilə də səhər saatlarında Günəş şüalarına məruz qalmaq, hər gün eyni vaxtda yatıb, eyni vaxtda oyanmaq lazımdır. Çünki dəyişkən vaxtlarda yatmaq və ya oyanmaq bioloji saatın təbii ritmini pozur. Bundan başqa, idmanla məşğul olmaq lazımdır. Çünki idman həm də axşam daha yaxşı yatmağa kömək edir".
Başqa nələrə əməl etmək lazımdır?
X.Eynullazadə bildirir ki, bioloji saatın pozulmaması üçün kafein qəbul etməmək tövsiyə olunur:
"Kafein orqanizmi ayıq vəziyyətdə saxladığı üçün orqanizmin təbii yuxu rejimini pozur. Buna görə də yaxşı yatmaq üçün ən azı günün ikinci yarısında kafein qəbulunu dayandırmaq lazımdır. Bundan başqa, yatmazdan öncə çox parlaq işığı və elektronik cihazlardan istifadəni dayandırmaq məsləhətdir. Yəni, gecə vaxtı süni işıqdan istifadə bioloji saatın gecə rejiminə keçməsinə, beləliklə, normal yatmağa mane olur".
Bundan əlavə, X.Eynullzadə bildirir ki, gündüz saatlarında yatmaq da normal yuxu rejiminin pozulmasına səbəb olur.