BAKI, 1 yanvar — Sputnik. Qarşıdan gələn yeni ildə paytaxtımıza bir sıra məşhurlar təşrif buyuracaqlar. Belə ki, Türkiyənin məşhur "Duman" rok qrupu təkrar Bakıda olacaq. Ötən ilin may ayında 3000-dən çox izləyiciyə möhtəşəm saatlar yaşadan Duman 14 Yanvar 2023-cü il tarixində təkrar Bakıya gəlir.
2023-cü il yanvarın 28-də Heydər Əliyev Sarayında əfsanəvi yaponiyalı pianoçu və bəstəkar Keiko Matsuinin konserti təşkil olunacaq. Konsertdə pianoçu rəngarəng caz musiqi nömrələri ilə tamaşaçıların qarşısına çıxacaq.
Həmin gün paytaxtda Rafet El Romannın da konserti baş tutacaq. Müğənninin konserti Heydər Əliyev Sarayında olacaq.
Türkiyənin məşhur müğənnisi və aktyoru Zeynep Bastıkın konserti isə Bakı Konqres Mərkəzində baş tutacaq. Konsert yanvar ayının 21-nə təyin olunub.
Əfsanəvi "Anadolu Atəşi" rəqs şousu da Bakıda olacaq. "Anadolu Atəşi" rəqs şousu 8 fevral 2023-cü il tarixində "Baku CRYSTAL HALL" səhnəsində baş tutacaq.
"Dinle", "Vefasız", Sarı, sarı", "Yıkılmadım" və digər ifaları ilə Türkiyənin sevilən müğənni, aktyor, rejissor, ssenarist və bəstəkarı Mahsun Kırmızıgülün konserti 12 fevral tarixində Bakı Konqres Mərkəzində baş tutacaq.
Məhşur türk ifaçısı, müxtəlif mahnıların bəstəkarı və söz yazarı Serdar Ortaç da Bakıda olacaq. Müğənni fevralın 19-da Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
Maksim Qalkin də qarşıdan gələn yeni ildə Bakı Konqres Mərkəzində konset verəcək. Müğənninin konserti fevral ayının 21-də baş tutacaq.
Fevralın 25-də isə Oğuzhan Koçun "Elektra Events Hall"da konserti baş tutacaq. Qeyd edək ki, Oğuzhan Koç həyat yoldaşı Demet Özdemirə görə Yeni il gecəsi səhnəyə çıxmaq üçün Şimali Kipr və Azərbaycandan gedən 1,5 milyon lirəlik təklifi rədd edib. Bu barədə türk mediası məlumat yayıb. Bildirilir ki, yanvarın 4-də yeni layihəsi üçün çəkiliş meydançasına çıxacaq müğənni iş rejiminin sıxlığından daha az görüşəcəklərini düşünərək, səhnəyə çıxmaq əvəzinə Demetin yanında olmaq istəyib. Koç 4 günlük Avropa tətili təşkil edərək Niderland və İtaliyanı gəzəcək.
Martın 5-də isə Rusiyanın məşhur müğənniləri Leonid Aqutin və Anjelika Varumun konserti gözlənilir. Cütlüyün konserti Heydər Əliyev Sarayında olacaq
Türkiyənin məşhur musiqiçisi Koray Avcı da gələn il paytaxtımızda konsert verənlər sırasındadır. Müğənninin konserti mart ayının 5-də Bakı Konqres Mərkəzində baş tutacaq.
Bundan başqa, dünya şöhrətli musiqiçi Riçard Klayderman ilk dəfə Bakıya gəlir. Sənətçi 7 martda orkestrin müşayiəti ilə Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq.
Sibel Can da Azərbaycanda olan sevənlərinin gələn il bir araya toplayacaq. Müğənninin konserti martın 8-də Bakı Konqres Mərkəzində gerçəkləşəcək.
Türkiyənin pop ifaçısı Edisin konserti isə martın 18-nə təyin olunub. Məşhur müğənninin konserti "Baku Crystal Hall"da baş tutacaq.