CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük Qayıdışın ilk addımları: Ağalıya köç ötən ilin hadisəsi olub

Zəngilanda görülən işlər Ağalı ilə məhdudlaşmayacaq, Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq.
Sputnik
BAKI, 1 yanvar — Sputnik. Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki yurd yerlərinə qayıtmasına imkan yaradıb. Ötən ilin ən əhəmiyyətli hadisələrindən biri məhz işğaldan azad olunmuş torpaqlarımıza köçün baş tutması oldu.
Ağalı kəndinə köç
Böyük Qayıdışın ilk addımları
Bu mənada Zəngilan rayonunun ağıllı kəndi "Ağalı"ya köç Böyük Qayıdışın ilk addımı hesab olunur. Artıq Ağalının bir qrup sakini öz doğma torpağındadır. Onlar Yeni ili öz ata-baba yurdlarında, öz evlərində qarşılayıblar. Onlardan biri hazırda Ağalı kəndində yaşayan Namil Orucovdur. Namil Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ata-anası, ailəsi ilə birgə Ağalıda yaşayır. N.Orucov üç övladının da Ağalı kənd məktəbində təhsil aldığını söylədi. Bildirdi ki, 2022-ci il ona çox düşərli olub. 28 illik həsrətdən sonra doğulduğu torpağa qovuşub:
"Fikrimcə, 2022-ci ilin ən böyük hadisəsi elə Böyük Qayıdışdır. Bu qayıdışa Ağalıdan başlanıldı. Biz illərlə həsrətində olduğumuz torpağımıza qovuşduq. Bu hissi sözlə ifadə etmək çətindir. Mən indi anladım ki, insan öz doğulduğu torpağa qovuşanda yenidən dünyaya gəlirmiş. İllərlə biz bu günün həsrətini çəkmişik. Hətta öz yurdumuza qayıdacağımızın xəyalını quranda fikirləşirdik ki, buna ömür vəfa edəcəkmi? Amma çox şükür ki, biz sağkən öz doğulduğumuz yurda qovuşduq. Bundan böyük xöşbəxtlik ola bilməz!"
Digər həmsöhbətimiz, Ağalı sakini Ramil Allahquliyev isə köç üstündədir. O da Ağalıya köçəcəyi günləri sayır. Deyir ki, illərdir xəyalını qurduğu günlərin reallığa çevriləcəyini yada salanda bir gözü gülür, bir gözü ağlayır:
"Bəlkə də kiməsə zarafat gəlir. Amma bu illərdir qurulan xəyalın gerçəkləşməsi, uşaqlıq xatirələrimizə geri dönə bilməkdir. Uşaqlıqda ayaqyalın qaçdığımız cığırlar, kələ-kötür yollar üçün çox qəribsəmişəm. Bizim üçün Ağalıya köç ilin hadisəsidir. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir".
Ağıllı kənd" konsepsiyasının tətbiq olunduğu ilk kənd
Qeyd edək ki, ötən ilin aprel ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə birinci "Ağıllı kənd" pilot layihəsinin Zəngilan rayonunda təməlqoyma mərasimi keçirilib. Ağalı kəndinin heç bir il keçmədən "Ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulmasına başlanılıb. Birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir.
"Ağıllı kənd təsərrüfatı" özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə ehtiva edir. "Ağıllı" təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir. Prezidentin azad edilmiş ərazilərdə kəndlərin "Ağıllı kənd" konsepsiyası əsasında qurulması təşəbbüsü yerli sakinlər tərəfindən də müsbət qarşılanır. "Ağıllı kənd" layihəsi bərpa olunacaq kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizin "ağıllı kənd təsərrüfatı" sisteminə inteqrasiyasında mühüm rol oynayacaq.
Məlumat üçün bildirək ki, Ağalı kəndində 200 ağıllı evin tikintisi nəzərdə tutulmuşdu. Onlardan 87-si tikilərək, istifadəyə verilib, 113 evdə isə təmir-tikinti işləri davam etdirilir. Hazırda Ağalıda kiçik sahibkarların yerləşdirilməsi işləri aparılır və istehsal prosesinin yaradılması planlaşdırılır. Kənd sakinlərinin əksəriyyəti işlə təmin edilib.
Ağalıya köç mərhələ-mərhələ davam edir
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev açıqlamasında bildirib ki, 1 508 nəfər Ağalı sakini Azərbaycanın müxtəlif regionlarında yaşayır. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). Onlardan, ən azı, 1 350 nəfəri qayıtmaq niyyətlərini bildiriblər.
Ağalı kəndində birinci mərhələdə 200 evin inşası planlaşdırılıb. Bunlar yekunlaşandan sonra yeni evlər tikildikcə biz yenə də həmin insanların Ağalıya qayıdışını təmin edirik. Məsələn, 200 ev inşa olunub və əlavə 10 ev də tikilirsə, biz həmin 10 evə də sakinləri köçürürük. Bu proses mərhələli şəkildə həyata keçirilir və növbəti aylarda da bu proses davam edəcək. Sentyabrın 10-dək 66 ailə - 326 nəfər Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb".
Zəngilanda ağalara layiq qurulan kənd
Onu da vurğulayaq ki, "Ağıllı kənd"də müasir şəhərsalma standartları tətbiq olunur. Piyada və velosiped yolları çəkilir, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılır. Burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb.
"Ağıllı kənd təsərrüfatı"nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. Burada "Ağıllı idarəetmə sistemi" data və təhlil mərkəzindən həyata keçiriləcək.
Ağalı kəndində ilk ailə
Ağalı sakinlərinin məşğulluğu da təmin edilir
İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində sakinlərin məşğulluğunun təmin edilməsinə yönəlmiş tədbirlər davam etdirilir. Həmsöhbətimiz, Ağalı sakini Namil Orucov deyir ki, o artıq Ağalıda avto təmir sexi qurur. Bakıya məcburi köçkün gəldikdən sonra bu peşəni öyrənən N. Orucov yaxın gələcəkdə kənd sakinlərinə xidmət göstərəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyin tabeliyindəki DOST İş Mərkəzi və "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs arasındakı əməkdaşlıq çərçivəsində Ağalı kəndində sosial iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yeni layihəyə başlanıb. Layihə çərçivəsində DOST İş Mərkəzi tərəfindən Ağalı kəndində 4 vakant yer elan edilib, daha 30 vakant yerin açılması üçün son tamamlama işləri aparılır. Bundan əlavə, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərlə əməkdaşlıq həyata keçirilərək 40-dan çox sakin işlə təmin olunub, 12 nəfər peşə hazırlığına cəlb olunub.
Həmçinin kəndin 3 sakininə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaratmaları üçün aktivlər verilib, daha 8 sakinin bu proqrama cəlb edilməsi nəzərdə tutulub. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir. Hər biri ailəyə həyətyanı sahəsi olan fərdi ev verilib. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında Dövlət Komitəsinin Repatriasiya Departamentində püşkatma ilə aparılıb.
Ağalı
Zəngilan və Ağalı prezidentin xüsusi diqqətindədir
İşğaldan azad olunmuş bütün ərazilər daxil olmaqla Ağalıda görülən işlər prezidentin və onun xanımının diqqət mərkəzindədir. Onlar vaxtaşırı görülən işlərlə tanış olmaq üçün Zəngilana yollanır, oradakı sakinlərlə görüşür, görülən işlərlə bağlı öz tövsiyyələrini verirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il mayın 26-da Zəngilan rayonuna da səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.
Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Hava limanında uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metrdir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edir. Beynəlxalq standartlara uyğun inşa edilən terminal binası saatda 200 sərnişinə xidmət edir. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılacaq. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.
Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika habına çevriləcəyi günü yaxınlaşdırmaqdadır. Oktyabrın 22-də isə Zəngilan Beynəlxalq Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirildi.
Ağalıda 29 ildən sonra ilk dərs
2022-2023-cü tədris ili ağalılı uşaqlar üçün də yaddaqalan olub. Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə dərs başladı. İlk zəng çalındı. Ağalıda dərslərin başlaması mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev də iştirak etdi. 360 şagird yerlik ikimərtəbəli bu məktəbdə artıq olimpiadalar təşkil olunur.
Ağalıda bazar da açıldı
Zəngilanın Ağalı kəndində yaşayan sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi məqsədilə bazar da fəaliyyətə başlayıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib. Bildirilib ki, KOBİA, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) və Türkiyənin "Kolin" şirkətinin dəstəyi ilə açılan bazarda 40-a yaxın sahibkarın məhsullarının satışı həyata keçiriləcək.
Türkiyə-Azərbaycan Qardaşlıq küçəsində yerləşən bazarın ümumi sahəsi 240 m2-dir. Burada Ağalıda istehsal olunan məhsullarla yanaşı, ətraf rayonlarda yetişdirilən kənd təsərrüfatı məhsulları, gündəlik tələbat malları, suvenir, xalça, toxuculuq məmulatları, əl işləri və s. məhsullar satılacaq.Bazar Ağalı sakinlərinin gündəlik tələbat mallarına olan ehtiyacını ödəməklə yanaşı, əhalinin məşğulluğunu da təmin edəcək.
Zəngilanın Ağalı kənd məktəbində
Ağalıda yanacaqdoldurma məntəqəsi, su elektrik stansiyası da istifadəyə verildi
Zəngilan rayonunun Ağalı kəndi ərazisində ilk səyyar (modul) tipli yanacaqdoldurma məntəqəsi də istifadəyə verildi. 2022-ci il oktyabrın 19-da isə Zəngilanda Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması baş tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak etdilər. Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma stansiya barədə məlumat verərkən bildirib ki, Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi çərçivəsində keyfiyyətli ekoloji mühitin yaradılması və enerjidən səmərəli istifadə edilməsi üçün dayanıqlı enerji mənbələrinə üstünlük verilib. Bu baxımdan, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Almaniyanın "Rehart GmbH" şirkəti tərəfindən istehsal olunan və hər biri 212 kilovat olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib.
Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir. Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir, asan quraşdırılır və iqtisadi baxımdan sərfəlidir. Prezident İlham Əliyev Stansiyanı işə salıb. Diqqətə çatdırılıb ki, balıqların Arximed turbinlərinin içindən keçə bilməsi və elektrik enerjisinin balıq ölümünə səbəb olmadan istehsal edilməsi ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, Arximed turbinlərinin istismar müddəti 50-60 il proqnozlaşdırılır.
Ağalı kəndində uşaqlar
Ağalı ilkdir, amma son deyil...
Amma Zəngilanda görülən işlər Ağalı ilə məhdudlaşmayacaq. Prezident İlham Əliyevin dili ilə desək, Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq. Belə ki, Zəngilan rayonunda "ağıllı" kəndlərin təməlinin qoyulması planlaşdırılır. Bunu Zəngilan rayonunun xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.
Onun sözlərinə görə, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq.Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq.
Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik "ağıllı şəhər və ağıllı kənd" konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq.Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.
Qeyd edək ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 20-də Zəngilan rayonu tam olaraq erməni işğalından azad olunub.