BAKI, 1 yanvar - Sputnik. Bayram ərəfəsində və bayramın ilk günündə təcili tibbi yardıma müraciətlərin sayı artıb. Bu barədə TƏBİB məlumat yayıb.
Belə ki, bayram günləri TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərir. 103 çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.
Təcili tibbi yardım üçün 130 həkim briqadası fəaliyyət göstərir. Bayram günü müraciətlərin sayı təxminən 300-ə qədər artıb. TƏBİB-in məlumatına görə, 30.12.2022-ci ildə ümumi çağırışların sayı 2 477, hospital olunanların sayı 233, 31.12.2022-ci il tarixində ümumi çağırış sayı 2 660, hospital olunanların sayı isə 238 olub.
Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.
"Ənənəvi olaraq bayram günləri icra edilən çağırışların sayında nisbətən artım qeydə alınır. Bu isə əhalinin qeyri-iş günləri birbaşa olaraq təcili tibbi yardıma müraciət etməsi ilə əlaqədardır", - TƏBİB bildirib.