BAKI, 31 dekabr - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu suriyalı həmkarı ilə qarşıdakı görüşdə zirvə görüşünün mümkünlüyünü müzakirə etməyi planlaşdırdığını bildirib. Bu barədə RİA Novosti Türkiyə mətbuatına istinadən xəbər yayıb.
Çavuşoğlu daha əvvəl demişdi ki, Ankara yanvarın ikinci yarısında xarici işlər nazirlərinin görüşünü təklif edib, bu, üçüncü ölkədə, o cümlədən Rusiyada mümkündür.
“Əvvəlcə texniki, sonra hərbi, indi isə siyasi səviyyədə görüşdük. Gələcəkdə daha yüksək səviyyədə olub-olmayacağı üzərində işləyəcəyik”, - deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, dekabrın əvvəlində Rusiya Türkiyə və Suriya müdafiə nazirləri arasında son 11 ildə ilk danışıqlara ev sahibliyi edib.
Xatırladaq ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. Bu münaqişədən əvvəl Dəməşqlə sıx əlaqələr saxlayan Türkiyə Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarının tərəfini tuturdu. O vaxtdan bəri Türkiyənin Suriya ilə münasibətləri çətin olaraq qalır. Lakin son həftələr hər iki tərəf, eləcə də bəzi KİV-lər tədricən normallaşmanın mümkünlüyündən danışırlar.