RUSİYA

Rusiyada pilotsuz uçuş sistemlərinin inkişafı üzrə komissiya yaradılır

Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov sözügedən komissiyanın sədri təyin edilib.
Sputnik
BAKI, 31 dekabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin hökumətə fevralın 15-dək pilotsuz uçuş sistemlərinin inkişafı üzrə komissiya yaratmağı tapşırıb. Bu barədə müvafiq göstəriş Kremlin saytında dərc olunub.
“Bu sahədə dövlət siyasətinin həyata keçirilməsi və digər məsələlərlə yanaşı, pilotsuz uçan aparatların inkişafı, istehsalı, sertifikatlaşdırılması və istismarı ilə bağlı vəzifələrin həlli üçün razılaşdırılmış təkliflərin hazırlanması məqsədilə pilotsuz uçuş sistemlərinin inkişafı, hava sistemləri, onların qeyri-qanuni istifadəsindən mühafizə vasitələri, belə sistemlərin istismarı üçün zəruri olan infrastrukturun inkişafı, kadr hazırlığı, pilotsuz uçuş aparatlarının Rusiya Federasiyasının vahid hava məkanına inteqrasiyası üzrə hökumət komissiyası yaradılsın", - deyə sənəddə qeyd olunur.
Prezident həmçinin Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousovun sözügedən komissiyanın sədri təyin edilməsi barədə göstəriş verib. Sərəncamın icrası üçün son tarix 15 fevral 2023-cü ildir.
Bundan əlavə, Rusiya prezidenti ölkənin Mərkəzi Bankına, Maliyyə Nazirliyinə və Nəqliyyat Nazirliyinə pilotsuz uçuş sistemləri üçün sığorta sistemi yaratmağı tövsiyə edib. Bunula bağlı sənəddə deyilir:
“Rusiya Bankına Rusiya Maliyyə Nazirliyi və Rusiya Nəqliyyat Nazirliyi ilə birlikdə pilotsuz uçuş sistemləri və onları idarə edənlərin mülki məsuliyyətinin sığortası sistemi yaratmağı tövsiyə edin”.
Sərəncamın icra müddəti 2023-cü il iyulun 1-dəkdir.
Vladimir Putin həmçinin aprelin 15-dək pilotsuz təyyarələr bazarının inkişafı üçün əlverişli şərait yaratmağı da tapşırıb. Bu barədə də müvafiq göstəriş Kremlin saytında dərc olunub.
“Pilotsuz uçuş sistemləri bazarının inkişafı üçün əlverişli şəraitin yaradılması, o cümlədən: pilotsuz uçuşlar üçün mövcudluq səviyyəsindən asılı olaraq hava məkanı zonalarının kateqoriyalarının müəyyən edilməsi; avtomatik toqquşmanın qarşısını almaq üçün nəzərdə tutulmuş avadanlıqla təchiz edilmiş pilotsuz hava gəmilərinin istifadə parametrlərinin və xüsusiyyətlərinin müəyyən edilməsi", - deyə sənəddə qeyd olunur.
Həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının tövsiyələri nəzərə alınmaqla pilotsuz uçuş sistemlərinin idarə edilməsi və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi üçün vahid infrastrukturun yaradılması məqsədilə tezlik diapazonlarının ayrılması yolu ilə pilotsuz uçuş aparatları bazarının inkişafı üçün əlverişli şərait yaradılması tapşırılıb. Sərəncamın icrası üçün son tarix - 15 aprel 2023-cü ildir. Bundan sonra isə hər 6 ayda bir dəfə işlərin gedişatına dair hesabatlar təqdim olunmalıdır.