TƏHLİL

İlin siyasi yekunları: Azərbaycan 2022-ci ili necə başa vurur?

Politoloq bildirib ki, ilərzində Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı irəliyə doğru addımlar atılması üçün səylər göstərilib.
Sputnik
BAKI, 31 dekabr — Sputnik. Sona çatmaqda olan 2022-ci il Azərbaycan siyasi gündəmi üçün yetərincə önəmli hadisələrlə yadda qaldı. Sputnik Azərbaycan ilin siyasi yekunları ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin sədri Fərid Şəfiyevlə həmsöhbət olub.
Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin sədri Fərid Şəfiyev
Ermənistanla imzalanmayan sülh sazişi
- Bu il bizim əsas hədəfimiz Ermənistanla sülh sazişi imzalamaq idi. Azərbaycan tərəfindən sülh sazişi üçün beş maddəlik baza prinsipləri hazırlanıb və Ermənistana da təqdim edilib. İl ərzində sülh sazişinin imzalanması ilə bağlı müxtəlif ölkələrdə üçtərəfli görüşlər keçirildi, irəliyə doğru addımlar atılması üçün səylər göstərildi. Təəssüflər olsun ki, indiki şəraitdə Ermənistanın pozucu hərəkətləri danışıqlar prosesinin dayanmasına şərait yaradıb. Ermənistan sözdə bizim ərazi bütövlüyümüzü qəbul etsə də, rəsmi şəkildə bunu tanımaqdan yayınır. Belə bir şəraitdə yenidən iki ölkə arasında toqquşmalar yaşana bilər. Bölgədə vəziyyəti gərginləşdirən, həm də, xarici aktorlardır. Onların prosesə böyük təsir imkanları var. Qərb ölkələri bu prosesdə qeyri-konstruktiv mövqe nümayiş etdirirlər. Xüsusilə, Fransa Azərbaycana zərbə vurmağa çalışır.
Beynəlxalq təşkilatlarda fəaliyyət
- Bildiyiniz kimi, Azərbaycan bu il yenidən Qoşulmama Hərəkatının sədri idi. Burada fəaliyyətimiz yetərincə uğurla şəkildə davam etdirilib. İl ərzində qonşularımızla münasibətlərimiz yetərincə uğurlu şəkildə inkişaf etdi. Bununla yanaşı bəzi mənfi məqamlar da var idi. Mən burada İran və Azərbaycan arasında baş verən gərginlikləri nəzərdə tuturam. Qeyd etməliyəm ki, İran-Azərbaycan münasibətlərindəki gərginliyin səbəbkarı İran tərəfi idi. Azərbaycan İranla əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu hər zaman ifadə edib, amma təbii olaraq bizim də qırmızı xətlərimiz var və bu baxımdan İranın bəzi hərəkətləri qəbuledilməzdir. Eyni zamanda görürük ki, gərginliyin azaldılması üçün İran tərəfindən addımlar atılmağa başlandı. Son bir ayda baş verənlər bunu göstərir.
Rusiya-Ukrayna münaqişəsi
- İlin geosiyasi hadisəsi Ukrayna-Rusiya münaqişəsidir. Onun fəsadları Azərbaycanda da hiss olunur. Hesab edirəm ki, bu vəziyyətdən uğurla çıxırıq. Bura həm iqtisadi, həm də siyasi istiqamət daxildir.
Mərkəzi Asiyanın türkdilli ölkələri və Azərbaycan
- Digər önəmli istiqamət Türk Dövlətləri Təşkilatı ilə bağlı idi. Bu çərçivədə yüksək səviyyəli zirvə görüşləri olub, eyni zamanda beyin mərkəzlərinin iclasları təşkil edilib. Bu istiqamət ölkəmiz üçün vacibdir. Mərkəzi Asiyanın türkdilli ölkələri ilə qurulan münasibətlər bizim üçün strateji əhəmiyyət kəsb edir. Artıq bu münasibətlərdə mövzu tək humanitar məsələlər deyil, artıq siyasi-hərbi müstəvidə əlaqələrin genişləndirilməsi, təhlükəsizlik məsələləri gündəmdədir. Bu gün Orta Dəhliz layihəsi bizim üçün önəm kəsb edir. Bununla bağlı konfranslar da keçirilib. Orta Dəhliz layihəsinin potensialı güclənir. Ona görə də düşünürəm ki, gələn il Azərbaycanın şərqə istiqamətlənmiş siyasəti daha da güclənəcək.
"3+3" formatının gələcəyi
- Düşünürəm ki, "3+3" formatı artıq işləmir və onun fəaliyyəti sual altındadır. Düzdür Rusiya tərəfi növbəti görüşün keçiriləcəyini açıqlayıb. Amma Gürcüstan tərəfi rəsmi şəkildə bu formatdan imtina edib. Bu baxımdan indiki şəraitdə bu formatın gələcəyini görmürəm. Ola bilsin ki, gələn il pozitiv addımlar atılsın. Format çərçivəsində görüşlər keçiriləcək, amma mən bundan real nəticələr gözləmirəm. Bununla yanaşı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təklif olunmuş Qafqaz formatı var. Bu format Azərbaycan, Ermənistan, Gürcüstanı özündə birləşdirə bilər. Bu təşəbbüsün özü çox vacibdir. Buna Azərbaycan və Gürcüstan tərəfindən dəstək verilir, ancaq Ermənistan tərəfi hər dəfə bir bəhanə ilə yayınmağa çalışır.
Rusiya-Azərbaycan münasibətləri
Azərbaycan qonşu ölkərlə yaxşı münasibətlər qurmaqda maraqlıdır. Rusiyanın bölgədə vacib rol oynaması hər kəsə məlumdur. Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında moderator kimi çıxış edir. Azərbaycanın Rusiya ilə münasibətləri həm siyasi, həm də iqtisadi müstəvidə dinamik şəkildə inkişaf edir. İl ərzində iki ölkə rəsmiləri tərəfindən qarşılıqlı olaraq rəsmi səfərlər həyata keçirilib. İlin əvvəlində Azərbaycan Prezidentinin Rusiyaya çərçivəsində Müttəfqilik Qarşı Fəaliyyət Bəyannaməsi də imzalandı. Bu da Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti ilə bağlı aydın təəssürat yaradır.