BAKI, 31 dek — Sputnik. Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — 31 dekabr da Azərbaycan xalqının ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.
31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü, hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da var.
Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranıb.
SSRİ- son günləri, Azərbaycan xalqının, Arazın hər iki sahilində sərhəd yürüyüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş-bacısına qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı — bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.
Bu gen necə yarandı?
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verildi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.
Mərhum prezident Heydər Əliyev demişdi ki, Azərbaycan dünyanın istənilən guşəsində yaşayan hər bir azərbaycanlının vətənidir. Hazırkı prezident İlham Əliyev də 50 milyon azərbaycanlının bir hüquqi dövləti olduğunu xatırladaraq öz çıxışlarında bəyan etmişdi ki, dünyadakı 50 milyon azərbaycanlının hər birinin prezidenti olacaq.
31 dekabr dünyadakı bütün azərbaycanlıları bir bayrağın — Azərbaycanın üçrəngli bayrağının altında toplamaq üçün gözəl bir fürsətdir.
Biz də Sputnik Azərbaycan İnformasiya Agentliyi olaraq, xalqımızı bu möhtəşəm gün münasibətilə təbrik edir, Vətənimizə daimi azadlıq, Dövlətimizə əbədi müstəqillik, Xalqımıza yüksək firavanlıq arzu edirik. Həmrəylik günümüz mübarək!