CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 2022-ci ilin qalmaqallı hadisələri

Yola saldığımız il bir sıra nazir və məmurların vəzifəsindən azad edilməsi ilə də yadda qaldı.
Sputnik
BAKI, 31 dekabr — Sputnik. Artıq 2022-ci təqvim ilini geridə qoymaq üzrəyik. Amma bu ili hələ çox xatırlamalı olacağıq. Çünki yola saldığımız ildə bir sıra yaddaqalan hadisələr baş verib. Sputnik Azərbaycan ilin yaddaqalan hadisələrini təqdim edir:
Fərrux əməliyyatı
24-28 mart tarixlərində Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsinin azad olunması üçün Azərbaycan tərəfindən aparılmış hərbi əməliyyat uğurla nəticələndi. Bu əməliyyatdan sonra Ağdam şəhəri və rayonun 9 kəndi Dağlıq Qarabağ ərazisində yerləşən erməni silahlı dəstələrinin vizual nəzarətindən çıxdı, Xankəndi-Ağdərə avtomobil yoluna Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti təmin edildi.
Azərbaycan hərbçiləri, arxiv şəkli
Beş saniyyəyə satılan evlər
Səs-küylü hadisələrdən biri də Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA)"Güzəştli mənzil" sistemi vasitəsilə 30 mart 2022-ci ildə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi oldu. Satışa çıxarılan mənzillərin 5 saniyəyə satılması böyük narazılıq yaratdı. Hüquq-mühafizə orqanlarının işə qarışması ilə sistemə kiberhücum olduğu üzə çıxdı və satış yenidən həyata keçirildi.
Barda partlayış
"Location" gecə klubunda 3 nəfərin ölümü, 37 nəfərin yaralanması ilə nəticələnən dəhşətli partlayış ilin ən çox müzakirə olunan hadisəsi kimi yadda qaldı. Hadisənin Ramazan ayında qeydə alınması müzakirələr başqa məcraya da yönəltdi. Partlayışla bağlı təqsirləndirilən Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il müddətinə azadlıqdan məhrum edildi.
Location klubunun yerləşdiyi bina
5-6 aylıq yağ ehtiyatımız yandı
Aprel ayının 29-da "Azərsun Holdinq"in Sumqayıt şəhərində yerləşən ərzaq anbarında güclü yanğın oldu. Məlumata görə, fabrik bir neçə aydır ki, bu anbarı doldurmaq üçün çalışırmış. Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə on milyon manatlarla ölçüldüyü deyilirdi. Bildirildi ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub. Qeyd edək ki, sənaye parkı daşınmaz əmlakın icbari sığortası, danışmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası və yanan məhsullar isə əmlak sığortası üzrə "Azərbaycan Sənaye Sığorta" Şirkətində sığortalanıb. Dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanıb.
“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın
Bayraktar Azərbaycanda
2022-ci ilin yaddaqalan hadisələrindən biri də mayın 26-da Bakıda "TEKNOFEST Azərbaycan" festivalının start götürməsi oldu. Türkiyədən kənarda ilk "TEKNOFEST" Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində təşkil olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da festivalda iştirak edənlər arasında idi.
“TEKNOFEST Azərbaycan” festivalında
AMEA itirdi, nazirlik qazandı
Bu ilin iyul ayında prezidnetin Fərmanı ilə elm sahəsi Təhsil Nazirliyi ilə birləşdirildi. Bundan sonra Elm və Təhsil nazirliyi yaradıldı. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edildi. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradıldı.
Bayrağımız Laçında dalğalandı
Bu il avqustun 25-də Azərbaycan ordusunun tam şəkildə Laçın şəhərini nəzarətə götürməsi ilin tarixi hadisəsi oldu. 10 noyabr bəyənnaməsinə əsasən, alternativ yolun tez bir zamanda çəkilməsilə ordumuz Laçın şəhərinə daxil oldu. Prezident İlham Əliyevin sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını dalğalandırması ilin ən tarixi anlarından birinə çevrildi.
İlham Əliyev Laçında Azərbaycan bayrğı qaldırır
"Tərtər işi"
Yola salmaqda olduğumuz il həm də, "Tərtər işi" ilə bağlı yeni həbs dalğaları, təqsirləndirilən onlarla şəxsin bəraət alması ilə də yadda qalacaq. 2017-ci ilin may-iyun ayları ərzində Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar baş verən ziddiyətli məqamlar hüquq-mühafizə orqanları tərəfindən hazırda da araşdırılmaqdadır. İndiyədək ümumilikdə 405 zərərçəkmiş şəxs müəyyən edilib.
Edillidə kütləvi məzarlıqlar aşkarlandı
Bu il həm də Xocavənd rayonunda kütləvi məzarlıqlar aşkar edildi. Fevralın sonunda Edilli kəndində aşkar edilən məzarlıqda 15–20 nəfərin qalıqları tapıldı. 2022-ci il oktyabrın əvvəlində Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi-məhkəmə ekspertizası şöbəsinin müdiri Nuranə Hüseynova bildirib ki, Edilli kəndində azərbaycanlı hərbçilərin qalıqlardan ibarət 3 kütləvi məzarlıq aşkar edilib. Burada 25 nəfərin qalıqları aşkarlanb. Edilli kəndində iki məzarlıqda 7 və 6 skelet, oktyabrın əvvəllərində aşkar edilən üçüncü məzarlıqda isə əlləri və ayaqları metal məftil və kəndirlə bağlanmış kütləvi şəkildə basdırılmış 12 insan qalığı aşkar olunub. Tapılan qalıqlar gənc kişi əsgərlərə aiddir, onların arasında mülki şəxslər yoxdur.
Edillidə kütləvi məzarlıqlar
FHN-in qalmaqallı videoları
2022-ci ildə ölkə gündəmində FHN küləyi əsdi. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin kabinetində çəkilən silsilə pornoqrafik videolar sosial medianı çalxalayan hadisə kimi yadda qaldı. Hazırda həbsdə olan Z.Mirzəyevin öz rəisinin qohumu ilə evli olduğu da məlum oldu. FHN-də yayılan daha bir video isə ilin son günlərinə təsadüf edir. Nazirliyin bir qrup xanım əməkdaşlarının iş yerində "xınayaxdı" keçirməsi də ilin müzakirə yaradan hadisələrindən oldu.
Sentyabr döyüşləri
2022-ci ilin 12-14 sentyabr tarixlərində ermənilərin Azərbaycan dövlət sərhədinə genişmiqyaslı təxribatları nəticəsində baş verən döyüşlər 80 hərbçinin şəhid olması ilə nəticələndi.
Şəhid Səbuhi Əhmədov İkinci Fəxri xiyabanda dəfn edilir
Zəngilanda əlamətdar hadisə
İl Zəngilanda hava limanının açılışı ilə də yadda qaldı. Zəngilan hava limanı 20 oktyabr 2022-ci ildə açıldı. Açılış mərasimində İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Hava limanında ən çox izlənilən hadisələrdən biri də AZAL rəhbəri Cahangir Əsgərovun açılışa bığlı qatılması oldu. Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovla zarafatyana dialoqu yəqin ki, hələ çox xatırlanacaq. Söhbət zamanı Ərdoğan C.Əsgərovu göstərərək "Bunun bığı vardı, indi yoxdur", -dedi. İlham Əliyev isə cavabında "tökülüb", -deyə bildirdi. C.Əsgərov "yaşlandıq, töküldü... Zəngilanda olacaq", -deyib zarafatyana dialoqa əlavə edir. Cahangir Əsgərov beləcə Ərdoğana verdiyi sözə əməl edərək Zəngilan hava limanının açılışına bığla qatıldı. Bu hadisə sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmadı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində
Bu il bir sıra vəzifəli məmurlar işləri ilə vidalaşmalı oldular
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vəzifəsindən azad edildi. Dövlət Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsləri DTX-nın əməliyyatı ilə həbs edildi. Ən qalmaqallı həbs isə Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlunun öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək əsgər payına sahib çıxması ilə yadda qaldı. Onun, qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə "Azərterminalkompleks" Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Səfər Mehdiyev
Korrupsiya girdabında boğulanlar
Yola saldığımız il Mədəniyyət Nazirliyində isə qalmaqallarla yadda qaldı. Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Mədəniyyət Nazirliyində əməliyyata başladı. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər korrupsiyaya görə həbs edildi. Bir müddət sonra isə nazir Anar Kərimov də vəzifəsi ilə vidalaşmalı oldu. O, prezidentin qərarı ilə dekabrın 22-də işdən qovuldu.
Anar Kərimov
"Xan" erası başa çatdı
Naxçıvan "xan"ının barəsində "vəzifədən gedir" yazıları, nəhayət ilin sonuncu ayında öz təsdiqini tapdı. Nəticədə Vasif Talıbov Ali Məclisin qapalı iclasında 27 illik postundan istefa verdi. Oğlu Seymur Talıbovun atasının yolasalma mərasimində gözlərinin dolması da 2022-nin son yaddaqalan hadisəsi kimi tarixə düşdü. Digər oğlu Rza Talıbov isə atasından xəbəri olmadığı, "hər kəsin öz işi var" açıqlaması ilə yadda qaldı. Amma Talıbovlar ailəsində baş verən üzüntü bununla yekunlaşmadı. Onlara məxsus hotellərin alındığı barədə də məlumatlar yayıldı.
Vasif Talıbov