SƏHİYYƏ

Tarif Şurası dərmanların qiymətini yenidən qaldırıb: Bahalı, lakin keyfiyyətsiz

Ekspert bildirib ki, qiymət ucuz olsun deyə idxalçılar daha keyfiyyətsiz dərman istehsalçısının dərmanlarını gətirirlər.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Tarif (qiymət) Şurası 202 dərman vasitəsinin qiymətinə yenidən baxaraq bahalaşdırıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Şura özü açıqlama verib. Bildirib ki, etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nın 7.1-ci bəndinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat"ın 4.1-ci bəndinə uyğun dəyişikliklər edilib.
Tarif Şurası Sputnik Azərbaycan-a bəzi dərman vasitələrinin qiymətlərinin yenidən tənzimlənməsinə aydınlıq gətirilib. Şuradan bildirilib ki, böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.
"Şuranın dekabrın 28-də keçirilən növbəti iclasında dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq olunub və bununla da qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 13 min 642-yə çatıb. Dövlət tənzimləməsinin məqsədi iqtisadi əsaslar olmadan qiymətlərin bahalaşmasının qarşısını almaq və optimal qiymətlərin, yəni, əhalinin dərman vasitələri ilə etibarlı təchizatına və sahibkarlıq subyektinin ağlabatan rentabelliyinə imkan verən minimal qiymətlərin tətbiqinə nail olmaqdır. Bununla yanaşı, son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və ölkəyə dərman vasitələrinin idxalında logistika xərclərinin kəskin artması bəzi dərman vasitələrinin qiymətinə yenidən baxılması zərurəti yaradıb. Qeyd edilən məsələlər, həmçinin dərman təchizatında fasilələrin yaranmasına səbəb olur" - məlumatda qeyd edilib.
Şura vurğulayıb ki, dərman qıtlığının qarşısının alınması və əhalinin etibarlı təchizatının təmin olunması məqsədilə idxalçı şirkətlər mövcud qiymətlərə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciət ediblər: "Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təminat məqsədilə Səhiyyə Nazirliyinin rəyi də nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətinə yenidən baxılıb".
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki. Tarif Şurasının dərman qiymətlərini tənzimləmə mexanizmi yalnışdır. Onun fikrincə, Şuranın tənzimləmə mexanizmi bu dərmanların qiymətinin artmasına gətirib çıxardıb:
"Tarif Şurasının dərman vasitələrinin qiymətini molekul tərkibinə görə müəyyən etməsi bazara keyfiyyətsiz dərmanların çıxmasına səbəb olub. Qiymət ucuz olsun deyə idxalçılar daha keyfiyyətsiz dərman istehsalçısının dərmanlarını ölkəyə gətirirlər".
İqtisadçının sözlərinə görə, bu gün nüfuzlu dərman şirkətləri Azərbaycan bazarından çıxıb. "Pfizer" kimi keyfiyyətli dərman istehsal edən şirkətlər Gürcüstan bazarında hələ də işləsələr də, Azərbaycan bazarında onların nümayəndəlikləri bağlanılıb:
"Bu nümayəndəliklərin yerli bazarda olması qiymətə də təsir edir. Arada daha çox qazanan distribüterlər olur. Qiymətlərin ucuzlaşması üçün yerli nüfuzlu dərman şirkətlərinin nümayəndəliklərinin fəaliyyətinə olan baryerlər aradan qaldırılmalıdır. Onlar Azərbaycan bazarından getdikləri üçün arada distribüter şirkətlər peyda olub. Həmin distribüterlər istehsalçıdan beş manata aldıqları dərman preparatını 7-8 manata Azərbaycanda satırlar. Bu da qiymət artımına əsas verən amildir".