İQTİSADİYYAT

Pensiyaya artıq ödəmə vətəndaşdan geri alınmayacaq - Amnistiya gəlir - TƏFƏRRÜAT

Artıq ödənilmiş pensiyaların tutulması müddəti məhdudlaşdırılır. Deputatın sözlərinə görə, pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa, həmin ödəniş geri istənilməyəcək.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Azərbaycanda artıq ödənilmiş pensiya məbləğinə amnistiya tətbiq ediləcək. Bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilib. Dəyişikliyə görə, yalnız son 3 ildə ödənilmiş artıq məbləğ geri tutulacaq. Son 3 ildən əvvəlki dövrlə bağlı artıq ödənişə isə amnistiya tətbiq olunacaq. İndiyədək müddət müəyyən edilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi.
Yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq
Məsələni şərh edən deputat Vüqar Bayramov bildirib ki, pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa, yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək:
"Dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa, yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək".
2020-ci ildən əvvəlki dövrə amnistiya veriləcək
Onun sözlərinə görə, dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur:
"Bu isə pensiyaçıların sosial təminatı baxımdan vacib addım hesab edilməlidir. Eyni zamanda, geri ödəniləcək vəsait hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Bu məhdudlaşdırmada da məqsəd pensiyaçının sosial vəziyyətini pisləşdirməməkdir".
Deputat əlavə edib ki, təxminən 180 milyon manatlıq əlavə ödənişlər olub. Əmək pensiyaları üzrə artıq ödənilən vəsaitlərin böyük hissəsi 2020-ci ildən əvvəlki dövrü əhatə etdiyi üçün yeni dəyişikliklər böyük məbləğdə vəsaitin bağışlanmasına və amnistiya edilməsinə imkan verəcək.
Sənəddə pensiyaçıların mənafeyi və sosial müdafiəsinin qorunması əsas götürülüb
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də bildirib ki, qanun layihəsi pensiyaçıların sosial rifahının qorunması və artıq ödənilmiş pensiyaların tutulması müddətinin məhdudlaşdırılması ilə əlaqədardır. Təklif olunan dəyişikliklər əmək pensiyasına və əmək pensiyasına əlavəyə artıq ödənilmiş məbləğin tutulma müddətini 3 ilədək məhdudlaşdırır. Sənəddə pensiyaçıların mənafeyi və sosial müdafiəsinin qorunması, ədalətlilik və humanizm prinsipləri əsas götürülüb.
Artıq ödənilmiş pensiyanın vətəndaşdan tutulması halları da məhdudlaşdırılır
Qeyd edək ki, Azərbaycanda artıq ödənilmiş pensiyanın vətəndaşdan tutulması halları da məhdudlaşdırılır. İndiyədək artıq ödənilmiş pensiya ancaq vətəndaşdan tutulurdusa, bundan sonra artıq ödənişin tutulması diferensial şəkildə müəyyən ediləcək. Belə ki, əgər vəzifəli şəxsin təqsiri varsa, artıq ödənilmiş pensiya onun özündən tutulacaq. Artıq ödənişin pensiyaçıdan hansı hallarda məhkəmə qaydasında tutulacağı da müəyyənləşir. Bununla bağlı "Əmək pensiyaları haqqında" qanunun 39-cu maddəsinə dəyişiklik edilir.
Layihəyə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısından yalnız aşağıdakı hallarda məhkəmə qaydasında tutulacaq:
-rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;
-qəsdən təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;
-inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği həmin vəzifəli şəxsdən onun razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulacaq.
Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər ikinci oxunuşda qəbul edilib.
Əmək və sosial münasibətlər üzrə ekspert Ruslan Hümbətov deyib ki, mövcud qanuna görə, artıq ödəniş pensiyaçının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Lakin artıq ödənişin vətəndaşdan hansı hallarda məhkəmə qaydasında tutulacağı qanunda yox idi. İndi isə həmin hallar müəyyən edilir.
Bəs, borc ödənilib qurtarmamış pensiyanın verilməsi dayandırılarsa?
Xatırladaq ki, "Əmək pensiyaları haqqında" qanuna görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda tam məbləğdə tutulur.
Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır.
Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.