TƏHSİL

Bu il xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb? Rəsmi

Bu ilin dekabr ayının 1-nə kimi xarici kvalifikasiyaların tanınması ilə bağlı 3 295 müraciət qəbul edilib.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Bu il xaricdə təhsil almış 627 nəfərin diplomu tanınmayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu ilin dekabr ayının 1-nə kimi xarici kvalifikasiyaların tanınması ilə bağlı 3 295 müraciət qəbul edilib. 2 668 müraciət üzrə müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamələr təqdim olunub. Digər 627 müraciət üzrə isə mənfi rəy verilib.
Xatırladaq ki, noyabr ayı üzrə diplomların tanınması üzrə 230 müraciətçinin 210-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 20 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 8, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 5, dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 3, digər səbəblər üzrə 4 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 65, Rusiyadan 64, Ukraynadan 53, Gürcüstandan 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 7, digər ölkələrdən isə 29 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat 28, hüquqşünaslıq üzrə 21, stomatologiya üzrə 15, tibb üzrə 12, biznesin idarə edilməsi üzrə 10 müraciətçi qeydə alınıb. Sənədlərə ortalama baxılma müddəti 12 gün təşkil edib.
Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.