BAKI, 30 dekabr — Sputnik. Ukrayna raketinin düşməsi ilə bağlı Kiyevin qəsdən təxribat törətməsi versiyası istisna edilmir. Bunu Belarus Silahlı Qüvvələrinin zenit-raket qoşunlarının rəhbəri Kirill Kazantsev bildirib.
"Bu insidentlə bağlı suallar var. Biz iki versiyanı nəzərdən keçiririk: birincisi ekipajın aşağı səviyyədə hazırlığı və raketin nasazlığı səbəbindən zenit idarəolunan raketin buraxılmasıdır. Digər ehtimal isə Ukrayna silahlı qüvvələrinin qəsdən törətdiyi təxribat olmasıdır", - o, Müdafiə Nazirliyinin "Telegram" kanalında yayımlanan video şərhində bildirib.
Kazantsev qeyd edib ki, insident zamanı Belarus hava hücumundan müdafiə qüvvələrinin döyüş ekipajları hava hədəfi aşkar edildikdə normal fəaliyyət göstəriblər.
Dekabrın 29-da Belarus Müdafiə Nazirliyi respublikanın hava hücumundan müdafiə qüvvələrinin hissələri Brest vilayətinə düşən raketi vurduğunu açıqlayıb. Onun Ukrayna ərazisindən atılan S-300 zenit-raket raketi olduğu üzə çıxıb. Belarus İstintaq Komitəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarından bir qrup mütəxəssisi Belarus prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə raketin düşməsinin səbəblərini müəyyənləşdirir. Ölən və yaralananlar barədə məlumat yoxdur.