BAKI, 30 dekabr — Sputnik. Son dövrlərdə ticarət obyektlərində vətəndaşların hesabda aldadılması halları artıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildiriblər ki, son dövrlərdə ticarət obyektlərində vətəndaşların hesabda aldadılması halları ilə bağlı Dövlət Xidmətinə daxil olan şikayətlərin sayında artım müşahidə olunur. Cari ildə Dövlət Xidmətinə hesabda aldadılma halı ilə bağlı ümumilikdə 67 müraciət daxil olub ki, bu da ötən illə müqayisədə 36,7% çoxdur.
"Daxil olmuş şikayətlər əsasında 10 sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub"-deyə məlumatda deyilib.
Xidmətin məlumatına görə, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə inzibati qaydada cərimə edilir.
Qeyd edək ki, bir çox hallarda ticarət obyektlərində malların üzərində qiymətlər göstərilmir və ya malın üzərində göstərilən qiymətlə nəzarət kassa aparatının fiskal yaddaşındakı qiymət arasında uyğunsuzluqlar olur. Bu da nəticədə istehlakçıların hesabda aldadılmasına gətirib çıxarır. Qanunvericiliyin tələblərinə görə, satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməlidir.