BAKI, 29 dekabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov başa çatan ili yekunları ilə bağlı "RİA Novosti"yə verdiyi müsahibədə Moskvanın Vladimir Zelenskinin "sülh düsturuna" necə yanaşdığı, Ukrayna ilə danışıqların hazırda prinsipcə mümkün olub-olmaması, bu ümumavropa təşkilatının mövqeyi səbəbindən Rusiyanın ATƏT-ə üzvlüyünü dayandırmaq barədə düşünüb-düşünməməsi, həmçinin, İranın nüvə sazişinin bərpası prosesində geri dönüş nöqtəsinin keçilib-keçilməməsi barədə danışıb.
– Sizcə, hazırda Ukraynada Moskvanın danışıqlara hazır olduğu hər hansı siyasi qüvvə və ya siyasətçi varmı və yaxın gələcəkdə belə biri meydana çıxa bilərmi?
- Ukrayna siyasətçilərinin hazırkı "dəstəsi"sinin danışıqlar apara bilmədiyi hamıya yaxşı məlumdur. Onların əksəriyyəti açıq-aşkar rusofoblardır.
Xatırladım ki, xüsusi hərbi əməliyyat başlayandan dərhal sonra Vladimir Zelenski danışıqlar masası arxasına oturmaq təşəbbüsü ilə çıxış edib. Biz bunu rədd etmədik və onun nümayəndələri ilə görüşə razılaşdıq. Bir neçə raund danışıqlar göstərdi ki, qarşılıqlı məqbul razılaşmalar tapmaq mümkündür. Ancaq fevral ayında başlayan danışıqlar prosesi Zelenskinin vacib qərarlar qəbul etməkdə tam müstəqil olmadığını nümayiş etdirdi. Artıq aprel ayında hərbi əməliyyatları davam etdirməkdə maraqlı olan anqlosaksların göstərişi ilə o, danışıqları tez bir zamanda dayandırdı və mövqeyini kəskin şəkildə sərtləşdirdi.
Aydındır ki, Kiyev dialoqa hazır deyil. Hər cür ideya və "sülh düsturları" irəli sürən Zelenski Qərbin köməyi ilə qoşunlarımızın Donbass, Krım, Zaporojye və Xerson vilayəti ərazisindən çıxarılması, Rusiyanın təzminat ödəməsi, "beynəlxalq tribunallara" qatılması və s. nail olmaq illüziyasını yaşayır.
Təbii ki, belə şərtlər altında biz heç kimlə danışmayacağıq. Kiyev rejiminin nəzarətində olan ərazilərdə adekvat siyasətçilərin qalıb-qalmadığını söyləmək çətindir, xüsusən də müxalifətçilərin sıxışdırılması və müxaliflərə qarşı məhkəmədənkənar repressiyaların geniş yayılmış praktikasını nəzərə alsaq. Bundan sonra Kiyevdə hansısa sağlam düşüncəli siyasi xadim peyda ola biləcəkmi? Yaşayarıq, görərik.
- ATƏT-dəki vəziyyəti nəzərə alsaq, Moskva təşkilatda təmsilçiliyini saxlamağı zəruri hesab edirmi? Rusiyanın ona üzvlüyünün dayandırılması məsələsi ortaya çıxa bilərmi?
- Açıq deyim: ATƏT-də işlər yaxşı getmir. Təşkilat bərabərhüquqlu dialoq və əməkdaşlıq üçün bir platforma olaraq yaradıldı, lakin son bir neçə ildə o, çox dərin böhran içindədir. Qərb ATƏT-i öz kollektiv maraqlarını təşviq etmək üçün bir vasitə kimi qəbul edir, onu təbliğat döyüşləri arenasına çevirib. 2022-ci ildə təşkilatın hazırkı sədri açıq şəkildə anti-Rusiya münasibətləri ilə Polşa olub. Bizim qiymətləndirməmizə görə, polyaklar yalnız bir şeyə nail olublar - onlar ATƏT-in işinin effektivliyini sıfıra endiriblər.
Bu, bizim üçün gözlənilməz olmadı. Axı, ümumiyyətlə, Qərb ölkələri - onlar, əksər hallarda, həm ATƏT, həm də NATO üzvləridir - Vyana Təşkilatının fəaliyyət prinsiplərini, orada qəbul edilmiş əsas sənədlərin ruhunu və mahiyyətini uzun müddət və məqsədyönlü şəkildə pozublar. O cümlədən, ən yüksək səviyyədə - Avropa təhlükəsizliyi sahəsində də vəziyyət belədir.
Məsələn, NATO-nun genişlənməsi, onun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına gücləndirməmək öhdəliyini kobud şəkildə pozur. Hazırda biz keçmiş partnyorlarımızın eqoist, uzaqgörən siyasətinin bəhrəsi ilə üz-üzəyik, onların etibarı əsaslı şəkildə sarsılıb. Və dərslərdən biri odur ki, əgər biz nə vaxtsa birlikdə işləməyə qayıtsaq bu, yeni əsaslarda aparılmalı olacaq, çünki köhnə yanaşmalar artıq işləmir.
– Birgə Kompleks Fəaliyyət Planı (BKFP) ətrafında vəziyyəti necə qiymətləndirirsiniz? Sənəd üzərində işlərin bərpası prosesində "geri dönüşü olmayan nöqtə" keçilibmi? Əgər belədirsə, bu, regionda və bütövlükdə beynəlxalq arenada yeni eskalasiya dövrünün riskləri ilə doludurmu?
– Rusiya diplomatiyası məğlubiyyətə meylli deyil. Məhz qərblilər hər şeyin əldən getdiyini deyirlər. Dünyanı yenə də İran təhlükəsi ilə qorxutmağa çalışırlar. Doğrudur, onlar xatırlamağı xoşlamırlar ki, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının 2231 saylı Qətnaməsi ilə öz öhdəliklərini pozaraq bir gecədə "nüvə sazişini" pozmaq qərarına gələnə qədər Birgə Kompleks Fəaliyyət Planı (BKFP) mükəmməl işləyib. Xatırladım ki, bu, 2018-ci ilin may ayında baş verib.
Texniki nöqteyi-nəzərdən bu tarixi razılaşmaların "yenidən başlaması" ilə bağlı danışıqlar əsas yanaşmaların müəyyən olunduğu mərhələyə çatıb və artıq məsuliyyətli qərarların qəbul edilməsinin vaxtı yetişib. Biz belə inkişafa hazırıq. Prezident Vladimir Putin dəfələrlə vurğulayıb ki, ən qısa və ən təsirli yol bütün tərəflərin öz öhdəliklərinə ciddi əməl etməsindən keçir. Hər şey bunun üzərində qurulub.
Biz sadə və başa düşülən bir model təklif etdik: ABŞ və İran eyni vaxtda və addım-addım bir-birinə doğru irəliləyir, tədricən, BKFP-nin bütün tələblərini yerinə yetirməyə qayıdırlar. Bütün detallar xırdalıqlarına qədər işlənib. Siyasi iradə olarsa, belə bir ssenarinin həyata keçirilməsi mümkündür.
Finiş xəttinə çatanda amerikalıların və avropalıların İranda daxili siyasi vəziyyəti sarsıtmağa keçərək, sürəti kəskin şəkildə azaltmaları başqa bir söhbətdir. Noyabrda onlar MAQATE-nin Rəhbərlər Şurasında anti-İran qətnaməsi ilə yadda qaldılar və bu qətnamə nəinki Çin, hətta bir sıra digər ölkələr tərəfindən də dəstəklənmədi. Bundan əlavə, qərblilər BMT Təhlükəsizlik Şurasında İranın Rusiyaya "dron"larının çatdırılması ilə bağlı hay-küy salıblar. Həmişə olduğu kimi, hər şey "yüksək ehtimal" üslubundadır, fakt göstərə bilmirlər, buna heç cəhd də etmirlər.
Həyat isə sübut etdi ki, BKFP-nin ağlabatan alternativi yoxdur. Bədnam "B planı" və digər qəbuledilməz variantlar haqqında spekulyasiya etməyi məsuliyyətsizlik hesab edirik. Onlara keçid eskalasiyaya, silahlanma yarışına, dönməz nəticələri olan açıq münaqişəyə gətirib çıxarır.
İran ətrafında vəziyyətin uzunmüddətli normallaşması üçün Rusiya Fars körfəzi zonasında Kollektiv Təhlükəsizliyin Təmin edilməsi Konsepsiyasını irəli sürüb.
Keçən il o, baxılmaq üçün təqdim edilib. Burada həlledici söz, etimadı qorumaq və təhlükəsizlik risklərini azaltmaq üçün möhkəm arxitektura yaratmalı və ziddiyyətləri aradan qaldırmalı olacaq bölgə ölkələrinə məxsusdur.
- Rusiya Ermənistan və Azərbaycanın yaxın aylarda sülh müqaviləsi imzalayacağını və Dağlıq Qarabağın statusunun bura daxil ediləcəyini gözləyirmi?
- Bu sualı danışıqlar aparan tərəflərə, yəni Bakı və Yerevana ünvanlamaq daha məntiqlidir. Məhz onlar təmasların dinamikasını təyin edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyənləşdirirlər. Həm Azərbaycanla, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya bu prosesə azərbaycanlı və erməni dostlarımızın maraqlı olduğu formada və həcmdə hər cür köməklik göstərir.