HƏRBİ

Kəlbəcərdə xidmət edən hərbçilərin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir - VİDEO

Yeni yerləşmə məntəqələrində qoşun xidmətinin yüksək səviyyədə təşkili üçün yüksək peşəkarlıqla tikinti-quruculuq işləri aparılıb və bütün zəruri şərait yaradılıb.
Sputnik
BAKI, 29 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, həmçinin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər davam edir.
Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, müdafiə nazirinin tapşırığına uyğun olaraq nazir müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev Kəlbəcər rayonu ərazisində yeni inşa edilən yerləşmə məntəqələrinə baxış keçiriblər və döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüblər.
Bildirilib ki, yeni yerləşmə məntəqələrində qoşun xidmətinin yüksək səviyyədə təşkili üçün yüksək peşəkarlıqla tikinti-quruculuq işləri aparılıb və bütün zəruri şərait yaradılıb.
Burada qərargah, lazımi mətbəx avadanlıqları ilə tam təchiz olunan yeməkxanalar, tibb məntəqələri, əsgər yataqxanaları, hamam-camaşırxana kompleksləri, müxtəlif təyinatlı anbarlar, döyüş və avtomobil texnikasının saxlanması üçün park, eləcə də digər infrastruktur obyektləri mövcuddur.
Yerləşmə məntəqələrində işıq, su və dayanıqlı rabitə, xətləri çəkilib, mərkəzləşdirilmiş istilik sistemi, eləcə də fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlar və günəş panelləri ilə təchiz edilib.
Şəxsi heyətin məişət şəraiti ilə tanış olduqdan sonra onların döyüş hazırlığı yoxlanılıb. Hərbi qulluqçular sərt iqlim və kəskin relyefli ərazilərdə hərəkəti təmin edən xüsusi təyinatlı texnikadan və tanklardan istifadə etməklə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Kəlbəcər rayonunda xidmət edən hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir
Daha sonra Kəlbəcərdə yerləşən bir neçə döyüş mövqeyində olan nazir müavinləri burada hərbi qulluqçuların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıblar.
Məruzə olunub ki, azad edilmiş ərazilərdə xidmət edən şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir.
Hərbi qulluqçularla görüşən nazir müavinləri onların döyüş hazırlığını yüksək qiymətləndirib və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, eləcə də Yeni il münasibətilə müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb və bayram hədiyyələrini təqdim ediblər.