BAKI, 29 dekabr — Sputnik. Nazirlər Kabineti "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" 18 mart 2022-ci il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların siyahısı dəyişib.
"Qərar bir sıra ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkədən aparılmasına dair tənzimlənmənin əhatə dairəsinin optimallaşdırılması və qüvvədə olma müddətinin uzadılması məqsədilə hazırlanıb. Qərarın qəbul edilməsi ilə iqlim dəyişiklikləri və davam edən geosiyasi proseslərin səbəb olduğu problemlər fonunda əhalinin əsas ərzaq malları ilə təchizatı üzrə stabilliyin qorunub saxlanılması proqnozlaşdırılır", - deyə Nazirlər Kabineti bəyan edib.