SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Eyfeldən görünən Laçın dəhlizi: Fransanın "erməni dramı"ndakı roluna reaksiya

Millət vəkili Arzu Nağıyev bildirib ki, Fransa BMT Təhlükəsizlik Şurasının üzvü kimi regionda söz sahibi olmağa çalışır.
Sputnik
BAKI, 29 dekabr — Sputnik. Ötən gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası qarşı tərəfə təqdim olunub.
Qeyd edək ki, görüş zamanı Fransa hökumətinin zəruri cavab reaksiyasının olmaması fonunda Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub və məktubda əks olunmuş iddialar qətiyyətlə rədd edilib.
Sputnik Azərbaycan Azərbaycanın Fransaya nota təqdim etməsi ilə bağlı millət vəkili Arzu Nağıyevin və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Millət vəkili Arzu Nağıyev bildirib ki, baş verənlər fonunda Fransa özü üçün nəticələr çıxarmalıdır.
Onun sözlərinə görə, Fransa BMT Təhlükəsizlik Şurasının üzvü olaraq regionda söz sahibi olmağa çalışır: “Lakin Fransa Azərbaycan və Ermənistan arasında davam edən proseslərdə birtərəfli mövqe nümayiş etdirir. Bunu digər beynəlxalq təşkilatlar da başa düşür”.
Millət vəkilinin sözlərinə görə, Fransa Azərbaycan əleyhinə qətnamə qəbul olunmasına çalışır.
Arzu Nağıyev xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə BMT Ermənistana qarşı dörd qətnamə qəbul etmişdi, ancaq onların icra olunması üçün işğalçı dövlətə heç bir təzyiq göstərilməmişdi:
“İqtisadi nöqteyi-nəzərdən Fransa narahatdır, çünki itirəcəyi çox şeylər olacaq. Azərbaycan torpaqları işğal altında olarkən onun qiymətli metal yataqları qanunsuz şəkildə istismar edilirdi və əldə olunan bütün gəlirlər demək olar ki, Fransaya gedirdi. İndi əlindən bu cür imkanların çıxmasına görə Fransa çılğınlıq edir. Maraqlısı budur ki, Fransa prezidenti də həm Senatda, həm də digər qurumlarda Azərbaycan əleyhinə olan qərarları dəstəkləyir. Məhz buna görə də Prezident İlham Əliyev Ermənistanla danışıqlar prosesində Fransanın və onun prezidenti Makronun iştirakının qəbul edilməz olduğunu bəyan etdi. Bu formada danışıqlar baş tuta bilməz. Fransa özü üçün hazırkı şəraitdə nəticə çıxarmalı, birtərəfli mövqeyindən əl çəkməlidir”.
Politoloq İlyas Hüseynov isə deyir ki, Fransa ilə Azərbaycan münasibətləri 44 günlük Vətən Müharibəsi dövründə, ondan sonra formalaşmış geosiyasi reallıqlar fonunda çox gərgin dövrünü yaşayır: “Ermənistanın arqumentasiyası əsasında Fransadan Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülür. Təəssüflər olsun ki, bunu Fransa isteblişmentinə daxil olan şəxslər səsləndirir. Rəsmi Bakı Fransaya qarşı daha sərt addımlar ata bilər. Azərbaycan parlamentində də Fransaya qarşı sərt addımların atılması ilə bağlı çıxışlar edildi. Lakin rəsmi Bakı münasibətlərin siyasi-diplomatik yolla nizamlanmasının tərəfdarıdır”.
Politoloq qeyd edib ki, bu gün Şuşa-Xankəndi yolunda baş verənlərlə bağlı təhrif olunmuş məlumatlar tirajlanır: "Fransa tərəfi də Ermənistanın yaydığı saxta məlumatlar əsasında hadisələri daha da qızışdırır. Amma onlar Laçın dəhlizi boyunca humanitar fəaliyyət üçün yaradılmış imkanları, buna qarşı heç bir maneələrin olmadığını görmək istəmirlər. Eko-fəalların aksiyası boyunca həm Beynəlxalq Qırmızı Xaç Komitəsinin, həm də sülhməramlı kontingentin nəqliyyat vasitələrinin maneəsiz hərəkəti, xəstələri daşıyan nəqliyyat vasitələrinin keçidi üçün imkan yaradılır".
"Ermənistan isə başqa mənzərə yaratmağa çalışır, olmayan humanitar fəlakətdən danışır, sülh danışıqlarının baş tutmaması üçün əlindən gələni edir. Fransa isə ənənəvi ermənipərəst siyasətini davam etdirir. Bu baxımdan Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları prosesində Fransa heç cürə vasitəçi kimi çıxış edə bilməz. Bu yaxınlarda Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da Fransa parlamentarilərinə çağırış etdi və onları yalan və təhrif olunmuş məlumatlar yaymaqdan çəkinməyə çağırdı", - deyə politoloq fikirlərini yekunlaşdırıb.