BAKI, 29 dekabr — Sputnik. Səhiyyə Nazirliyi Ailə Sağlamlıq Mərkəzlərinə qrip əleyhinə peyvəndlər paylayıb.
Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, ilk növbədə kiçik yaşlı uşaqların, yaşı 65-in üzərində olan şəxslərin, hamilə qadınların, müxtəlif ağır xroniki, o cümlədən tənəffüs sisteminin xəstəlikləri olan şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir. Nazirlik rəsmisi vurğulayıb ki, hər bir vətəndaş öz istəyi ilə yaşadığı ərazi üzrə Ailə Sağlamlıq Mərkəzlərinə müraciət edərək peyvənd oluna bilər: "Peyvəndlər kifayət qədər təhlükəsiz və effektivdir".
Nazir Azərbaycanda qrip virusunun yayılması istisna olunmadığını da dilə gətirib. Bildirib ki, bu günə qədər yuxarı tənəffüs yollarının infeksiyası əlamətləri olan şəxslərdən götürülən yaxmalarda qrip virusu aşkar edilməyib. Lakin bir sıra, o cümlədən ətraf ölkələrdə mövsümi qrip infeksiyası yayılıb və bunun Azərbaycanda da yayılması istisna olunmur. O bildirib ki, kəskin respirator viruslar çoxsaylıdır, onların biri və ya bir neçəsi fərqli ştamlarla payız-qış aylarında təkrarlanır: "Soyuq havalarda bu tip infeksiyaların yayılması üçün əlverişli şərait insanların daha çox qapalı məkanlarda toplanması və yaxın təmasların artması, otaqların daha az havalandırılması, fəsli olaraq immunitetin bir qədər zəifləməsidir".
İnfeksionist vurğulayıb ki, bəzi şəxslərdə xəstəlik əlamətlərinin qısa müddətdən sonra yenidən qayıtması və xəstəliyin dalğavari gedişi onlarda immunitetin zəif olması, ikincili bakterial infeksiyanın qoşulması və ya başqa respirator virusa eyni vaxtda və ya sonradan yeni yoluxma ilə əlaqəli ola bilər: "Bütün bu neqativ hallardan sığortalanmaq üçün qoruyucu tədbirlərə əməl etməklə yanaşı sağlam həyat tərzi sürmək, zərərli vərdişlərdən uzaq olmaq, stresslərdən qorunmaq, təbii qidalanmaq və havanın temperaturuna uyğun geyinmək lazımdır".
Nazirlik rəsmisi söyləyib ki, indiyənədək yuxarı tənəffüs yollarının infeksiyası əlamətləri olan şəxslərdən götürülən yaxmalarda qrip virusu aşkar edilməyib: "Lakin bir sıra, o cümlədən ətraf ölkələrdə mövsümi qrip infeksiyası yayılır və bunun Azərbaycanda da yayılması istisna olunmur.
Koronavirus pandemiyası dövründə yanaşı olaraq mühitdə qrip virusunun da olması bir sıra arzuolunmaz fəsad və nəticələrə səbəb ola bilər. Bunu nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə peyvəndlər əldə edilərək artıq ailə sağlamlıq mərkəzlərinə paylanılıb. İlk növbədə kiçik yaşlı uşaqların, yaşı 65-in üzərində olan şəxslərin, hamilə qadınların, müxtəlif ağır xroniki, o cümlədən tənəffüs sisteminin xəstəlikləri olan şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə olunur. Hər bir vətəndaş öz istəyi ilə yaşadığı ərazi üzrə Ailə Sağlamlıq Mərkəzlərinə müraciət edərək peyvənd oluna bilər. Peyvəndlər kifayət qədər təhlükəsiz və effektivdir".
Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının "Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030" sənədinə uyğun olaraq "2022-2023-cü ilin payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə" əmr imzalamışdı.