AZƏRBAYCAN XƏBƏRLƏRİ

Yeni il qabağı: Bazar ucuzdur, ya bayram yarmarkası? FOTO+VİDEO

Fermerlər yarmarkaya çıxardıqları məhsulun qiymətinin sərfəli olduğunu iddia etsələr də, alıcılar onların satdıqlarına maraq göstərmir.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. Yeni ilin gəlişinə sayılı günlər qalıb. Artıq indidən paytaxt sakinlərinin çoxu bayram alış-verişinə başlayıb. Bakıda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 17 dekabr tarixindən etibarən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakı və Abşeron ərazisində "Kənddən Şəhərə" Yeni il yarmarkaları təşkil olunub. Sputnik Azərbaycan bu dəfə Abşeron rayonu ərazisində bayram yarmarkasında qiymətləri və keyfiyyəti araşdırıb.
Yarmarkasa süni qiymət artımına nəzarət edilir
Burada nəzarət edən nazirliyin nümayəndələri bildirdi ki, yarmarkaların təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı, eləcə də qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır. Yarmarkanın girişində isə satışa çıxardılan məhsulların qiymət cədvəli qoyulmuşdu. Nəzarətçi bildirdi ki, məqsəd qiymətlərin süni bahalaşmasının qarşısını almaq, alıcılara bazarla müqayisədə qiymətlərin ucuz olduğunu nümayiş etdirməkdir:
"Yarmarkaya daxil olmamış alıcı bu cədvəldən qiymətlərlə tanış ola, bazarla müqayisədə sərfəli olub-olmadığını öyrənə bilər. Bu cədvəl həm də ona görə hazırlanıb ki. bayram günlərində qiymət artımı olmasın".
Yeni il yarmarkası
Mal əti 12 manat 50 qəpik
Yarmarka artıq 10-cu gündür ki, fəaliyyətə başlasa da, alıcılar tək-tək gözə dəyirdi. Yarmarkaya məhsul çıxardan fermerlər bu il bayram ərəfəsi müştərilərin az olduğunu bildirdilər. Yarmarkadakı fermer Asif Məmmədov bildirdi ki, burada ət bazar və dükanlarla müayisədə ucuzdur. Belə ki, mal əti yarmarkada 12 manat 50 qəpiyə təklif olunurdu.
Bazarda və marketlərdə isə mal ətinin kiloqramı 13 manat 50 qəpikdir. Yarmarkada ən çox təlabat mal əti, quş əti və çərəzlərədir. Fermerlər daha çox hinduşka ətinin satıldığını söylədirlər: "Gətirdiyimiz hinduşkalardan demək olar ki, qalmayıb. 67 hinduşkadan cəmi ikisi qalıb. Çünki, bazarla müqayisədə bir iki manat aşağı satırıq. Qeyd edək ki, yarmarkada hinduşkanın bir kiloqramı 15 manata, bazarda isə 17 manata təklif edilir.
Çərəzlərin qiyməti bazarla müqayisədə ucuzdur
Qabıqlı qoz 4 manat 50 qəpik-6 manat, ləpəsi isə 10-12-13 manat arasında dəyişir. Bazarda apardığımız müşahidə zamanı gördük ki, qabıqlı qozun bir kiloqramı 6-8 manata, ləpəsi isə 16-22 manata təklif edilir.
Yeni il yarmarkası
Qabıqlı fındıq 4, ləpəsi 12 manatdır. Bazarda qabıqlı fındığın bir kiloqramının qiyməti 5, ləpəsi isə 13-15 manat arasında dəyişir. Yarmarkada püstə ləpəsi 26-29 manatdır. Bu məhsulun bazarda qiyməti isə 30 manatdan başlayır. Badam ləpəsi yarmarkada 15-19 manata təklif olunur.
Bayram plovu neçəyə başa gələcək?
Yeni il süfrəsini plovsuz təsəvvür etmək mümkün deyil. Odur ki, plov və aş qarası üçün məhsulların qiymətinə də nəzər yetirdik.
Yeni il yarmarkası
Nə qədər qəribə olsa da yarmarkada düyüyə rast gəlmədik. Amma aş qara üçün gavalı qurusu 5-6 manat, alça qurusu 6 manat, qaysı 12-22 manat, kişmiş 5 manat 50- 18 manata təklif olunur. Şabalıd 10-12 manatdır.
Toyuq əti 12, qaz əti 14 manata satılır. Plovun dəmlənməsində istifdə edilən nehrə yağı 12-15 manatdır. Ərinmiş yağ 18 manata təklif edilir.
1 / 7

Yeni il yarmarkası.

2 / 7

Yeni il yarmarkası.

3 / 7

Yeni il yarmarkası.

4 / 7

Yeni il yarmarkası.

5 / 7

Yeni il yarmarkası.

6 / 7

Yeni il yarmarkası.

7 / 7

Yeni il yarmarkası.

Meyvələrdən alma 60 qəpik- 2 manat 50 qəpik, armud 1 manat 30 qəpik- 1 manat 50 qəpik, nar 1 manat 50 qəpik, heyva 1 manat, naringi 1 manat 50 qəpik, əzgil 1 manat, apelsin 2 manat, üzüm 1 manat 50 qəpikdir.
Yumurta 40 qəpiyə təklif edilir. Tərəvəzlərdən kök 1 manat, cuğundur 80 qəpik, badımcan 1 manat 70 qəpik, pomidor 1 manat, xiyar 2 manat 30 qəpikdir.
Fermerlər alıcı azlığından gileylənir
Yarmarka on gündür ki, fəaliyyətə başlasa da alıcı azdır. Fermerlər bu bayram ərəfəsi müştəri sayının azlığından gileyləndilər. Qəbələdən yarmarkaya öz məhsulunu gətirən fermer Bayram Məsimov bildirdi ki, yarmarkada məhsul olsa da alıcı azdır. O, ümidinin bayram günlərinə olduğunu söylədi: "Gözləyirik ki, bəlkə alver bayrama bir gün qalmış artsın. Hələki alıcı çox azdır".
Yeni il yarmarkası
Bakıda keçirilən yarmarka ilə müqayisədə Abşeronda keçirilən yarmarkada məhsul sayının az olması da diqqətimizdən qaçmadı. Abşeronda keçirilən yarmarkada balıq, qoyun əti, eləcə də digər məhsullar az idi. Nazirliyin nümayəndəsi isə bayram günlərində məhsul çeşidinin daha da artırılacağını vəd etdi.
Kənd Təsərrüfatı Nazirliyindən isə sorğumuza cavabda bildirdilər ki, "Kənddən Şəhərə" Yeni il yarmarkasında 50-ə yaxın regiondan 70-dən artıq fermer iştirak edir.
Yeni il yarmarkası
Qeyd edək ki, "Kənddən Şəhərə" Yeni il yarmarkalarında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistik dəstək göstərilir. Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir.