BAKI, 28 dekabr — Sputnik. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa parlamentinin ermənipərəst deputatlarının "Le Monde" qəzetində Laçın yolu ilə bağlı çağırışına münasibət bildirib. Diplomat bununla bağlı "Twitter"də paylaşım edib.
O bildirib ki, Qarabağ, o cümlədən Laçın yolu Azərbaycanın suveren torpağıdır.
Səfir diqqətə çatdırıb ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşları sayılırlar.
Leyla Abdullayeva fransalı parlamentariləri sülh səylərini dəstəkləməyə çağırıb.
Qeyd edək ki, bu gün BQXK-ya məxsus avtomobillər vasitəsilə Xankəndi-Laçın yolu vasitəsilə milliyyətcə erməni olan 3 ağır xəstə Ermənistana təxliyə edilib. Karvan 08:47 radələrində aksiya yerindən keçib. Onların keçidinə heç bir maneə törədilməyib.
Avtomobil karvanı Ermənistandan Xankəndinə qayıdarkən baqaj hissəsində Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatları daşınacaqdı.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 17 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.