Lavrov: Moskva ilə Vaşinqton arasında dialoq üçün heç bir kanal yoxdur

Nazirin sözlərinə görə, ABŞ Rusiya Federasiyasına bir neçə dəfə görüş təklif etsə də, indiyədək bunlardan yalnız biri baş tutub.
Sputnik
BAKI, 28 dekabr - Sputnik. Vaşinqton qeyri-rəsmi olaraq Moskvaya son vaxtlar bir neçə dəfə görüşlər keçirməyi təklif edib, Moskva hər dəfə razılaşıb, lakin indiyədək yalnız onlardan biri “materiallaşıb” – xüsusi xidmət orqanları rəhbərlərinin Ankaradakı görüşü. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Onlar yaxşı bilirlər ki, biz dialoqu kəsməmişik. İndi biz gəlin “dialoqu bərpa edək” deməyəcəyik, bizim bu cür adətimiz yoxdur. Bizim ənənəmiz sağlam təkliflərə həmişə cavab verməkdir. Görüşmək təklifləri olarsa... Yeri gəlmişkən, bu müddət ərzində qeyri-rəsmi bir neçə belə təklif olub. Hər dəfə razılaşmışıq”, - deyə Lavrov Birinci Kanalda "Böyük oyun" proqramına müsahibəsində bildirib.
Onun sözlərinə görə, “onlardan biri reallaşıb – Ankarada Burns və Narışkinin görüşü”.
“Vaşinqtonun göstərişlərinə istinadla başqa paralel zənglər də olub. Biz heç vaxt imtina etməmişik, amma sonradan bu görüşlər nədənsə boşa çıxıb”, - deyə nazir qeyd edib.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin Rusiya xarici Kəşfiyyat İdarəsi rəhbəri Sergey Narışkinlə görüşü, medianın məlumatına görə, noyabrın 14-də Ankarada baş tutub.
Amerika mediası ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsinə istinadən yazıb ki, görüş zamanı həbsdə olan ABŞ vətəndaşlarının vəziyyəti və nüvə riskləri müzakirə olunub.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, təmas Vaşinqtonun təşəbbüsü ilə baş tutub.
Nazirin sözlərinə görə, Rusiya Federasiyası və ABŞ ordusu əlaqələr saxlayır, bu yaxşı və faydalıdır, lakin Moskva ilə Vaşinqton arasında dialoq üçün heç bir kanal yoxdur.
“Bizim dialoq kanalımız yoxdur. ABŞ ordusu bildirir ki, vaxtaşırı Milli (ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ) general Gerasimova (RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov) zəng vurur. Ostin (ABŞ-ın müdafiə naziri Lloyd - red.) bu müddət ərzində Şoyqu (Rusiya müdafiə naziri) ilə bir neçə dəfə danışıb. Yaxşıdır, faydalıdır. Ancaq hər şey daha ehtiyatlı olmağınız lazım olması ilə məhdudlaşır. Belə ümumiləşdirə bilərik", – deyə nazir bildirib.
Qeyd edək ki, Şoyqu ilə Ostin arasında sonuncu söhbət ABŞ tərəfinin təşəbbüsü ilə oktyabrın sonunda baş tutub. Pentaqon rəhbəri rusiyalı nazirlə söhbətində təmasların davam etdirilməsinin əhəmiyyətini təsdiqləyib.