BAKI, 28 dekabr — Sputnik. Azərbaycan Vəkillər Kollegiyası tərəfindən Cinayət Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlanır. Bunu bu gün jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.
O bildirib ki, dəyişiklik ekosid barədədir:
"Ermənilər tərəfindən Azərbaycan ekologiyasına böyük zərər dəyib və bu proses davam edir. Azərbaycan Vəkillər Kollegiyası da həmin məsələlərə həssas yanaşır. Buna görə də kollegiyanın tərkibində fəaliyyət göstərən cinayət hüququ qrupu müvafiq təkliflər hazırlayıb. Təklif edirik ki, Cinayət Məcəlləsinə ekosid adlı maddə əlavə edilsin. Əgər çox ciddi, uzun sürən ekoloji terror aşkarlanarsa, belə bir maddə ilə məsuliyyət yaransın. Azərbaycan Cinayət Məcəlləsində belə bir maddənin olması gələcəkdə ekosidin baş verməsinin qarşısını ala biləcək".
O ümid edir ki, aidiyyəti qurumlar bu məsələyə müsbət cavab verəcək və Cinayət Məcəlləsinə belə bir maddə əlavə ediləcək.
Xatırladaq ki, 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı zəfərindən sonra, işğal illəri ərzində həyat fəaliyyətinin müxtəlif sahələrində, o cümlədən ekoloji sahədə Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi prosesinə başlanılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət" adlı hesabatında ayrıca bir fəsil işğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyətin ekoloji nəticələrinə həsr olunub.
Onu da qeyd edək ki, 2022-ci il dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib.
Görüş zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib.