AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bütün zamanların sənətkarı olan Zeynəb Xanlarovanın doğum günüdür

Zeynəb Xanlarova musiqimizin və mədəniyyətimizin tarixində əbədi qalmaq haqqını qazanmış sənətkarlardandır. Zeynəb səsi, Zeynəb ifası sanki bütün keçilmiş yolun yekunu, qazanılmış təcrübənin məcmusu və zirvəsidir.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. Bu gün Azərbaycanın Xalq artisti Zeynəb Yəhya qızı Xanlarovanın doğum günüdür. Görkəmli sənətkar 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub.
Zeynəb Xanlarova sənəti bütün zamanlarda diqqət mərkəzində olub. Onun ömür yaşı səksəni haqlasa da, sənət yaşının tarixi yoxdur.
Qısa müddətdə səsinin şirin avazı ilə milyonların ürəyinə yol tapdı. O, öz şaqraq, bənzərsiz ifası ilə çox-çox uzaqlarda milyonların sevimlisinə çevrilə bildi. Dilimizi bilməyən əcnəbilər belə o şirin avazın, ecazkar ifanın sehrinə düşdü. Azərbaycanın Xalq Artisti Zeynəb Xanlarova qısa bir zaman kəsiyində milli olduğu qədər də bəşəri bir ifaçıya çevrildi.
Onu dilindən, dinindən, əqidəsindən asılı olmayaraq, hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni məhəbbətlə, eyni hərarətlə qarşılayır, eyni coşqunluqla alqışlayırlar.
Bu xoşbəxtlik hər sənət adamına qismət olmur. Səni doğulduğun məmləkətdə olduğu qədər uzaq ellərdə də sevsinlər, dəyərləndirsinlər. Bu, yalnız və yalnız Zeynəb Xanlarova kimi xoşbəxt sənətkarlara nəsib ola bilərdi və oldu da...
Z.Xanlarova 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbini, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, əvəzsiz ifaçı olmasını Opera və Balet Teatrının səhnəsində yaratdığı bir-birindən maraqlı, bənzərsiz rollarla çoxdan təsdiqləyib. Onun Leylisi, Əslisi, Şahsənəmi teatr tariximizdə əbədi qalacaq obrazlardır. Sənətkar heç vaxt uğurları ilə kifayətlənməyib. Onun repertuarını xalqımızın milli kimlik pasportuna çevrilmiş muğamlarımız, təsnif və xalq mahnıları, böyük bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Ələkbər Tağıyev, Emin Sabitoğlu və başqalarının, eləcə də Şərq xalqlarının mahnıları bəzəyir.
Xalqımızın istəklisi Zeynəb Xanlarovanın klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan müğənnilik sənəti milli musiqimizdə bir təzəlik, yenilikdir. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, səhnə davranışında, mahnı ifaçılığında özünü qabarıq göstərir.
Əvvəllər qadın xanəndələrin repertuarında, əsasən "Şahnaz", "Qatar" muğamları yer alırdı. Çünki bu muğamlar tessitura cəhətdən zil, diapazonca məhdud, həcmcə yığcamdır. Lakin Zeynəb xanım bu ənənəni cəsarətlə pozdu, qadınlar arasında ilk dəfə "Çahargah" kimi geniş monumental dəstgah oxudu və böyük yaradıcılıq müvəffəqiyyətinə nail oldu. Zeynəb Xanlarovanın ifasında bu muğam yeni başlanğıc, yeni nəfəs kimi dəyərləndirilirdi. Bütün muğamsevərlər və ustad sənətkarlar onun ifasındakı "Çahargah"ı yüksək qiymətləndirməklə yanaşı, bu səsin sahibinin gələcəkdə böyük sənətkar olacağına inamlarını böyük cəsarətlə bildirirdilər. Zeynəb xanım bu inamı doğrultmağı bacardı və bir daha sübut etdi ki, çəkilən zəhmət mütləq bir gün öz bəhrəsini verəcək. O, "Çahargah"la yanaşı, "Şur", "Dilkəş" təsniflərini, "Mahur-hindi", "Qatar", "Xaric segah", "Hümayun", "Bayatı-kürd" muğamlarını cidd-cəhdlə öyrənib oxudu. Bu, onun üçün adi yaradıcılıq prosesi deyildi. Zeynəb Xanlarova əsl novator ifaçı kimi hər bir musiqi əsərini tamamilə yeni səpkidə oxuyurdu. Bu səbəbdən onun muğam ifaçılığındakı üstünlüyü danılmazdır.
Musiqimizin Zeynəb yolu
Zeynəb Xanlarova bu uğurlara heç də birdən-birə nail olmayıb. Bu uğurların, böyük tamaşaçı sevgisinin kökündə yorulmadan, usanmadan çəkilmiş zəhmət dayanır. Zeynəb Xanlarova Azərbaycan xanəndəlik sənətinin, vokal ifaçılığının qüdrətli nümayəndələrinin yaradıcılıq çeşməsindən bəhrələnib. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva və digər sənət korifeyləri onun yaradıcılıq yolunda örnək, məhək daşı rolunu oynayıblar. Zeynəb xanım böyük sənətkarların hər birinin ifaçılıq üslubunu mənimsəyib, lakin böyük istedadı, iradəsi hesabına heç vaxt təqlid yolunu seçməyib.
Zeynəb Xanlarovanın ifaçılığında emosionallıq, aydın tələffüz, zəngin səs palitrası, səhnə plastikası insanı heyran qoyur. Onun səsi qəlb yanğısından yoğurulduğundandır ki, hər zaman insanı valeh edir, kamilliyə səsləyir. Bu səsdə fərəh də var, kədər də. Zeynəb Xanlarova olmağın yolu alın təri, tükənməz zəhmət, gecə-gündüz usanmadan çalışmaqdan keçir. Z.Xanlarova olmağın mahiyyətində məcnunluq, sənətə, ifaya, muğama dəlicəsinə çılğın aşiqlik vardır.
Onun zəhməti həm qədirbilən xalqımız, həm də dövlətimiz tərəfindən həmişə yüksək dəyərləndirilib. Zeynəb xanım tək-tək sənətkarlara nəsib olan bütün fəxri adların hamısına layiq görülüb. Dövlət mükafatı laureatıdır. Bununla yanaşı, Yəmən, Əfqanıstan, Əlcəzair, Türkiyə və bir sıra başqa ölkələrdə yüksək təltiflər qazanıb. Sinəsini neçə-neçə orden bəzəyir – keçmiş SSRİ-nin "Şərəf nişanı", "Xalqlar Dostluğu" ordenləri. Bütün dünyada məşhur olan "Melodiya" firmasının "Qızıl val" mükafatı da sənətkarın bənzərsiz istedadına, zəngin yaradıcılığına verilən layiqli qiymətdir. Onun üçün isə ən yüksək, ən ali mükafat müstəqil Azərbaycanın "Şöhrət", "İstiqlal" və "Heydər Əliyev" ordenləridir.
Z.Xanlarovanın yaradıcılığı ulu öndər, Azərbaycan incəsənətinin hamisi ümummilli lider Heydər Əliyev tərəfindən daim yüksək qiymətləndirilib.
Zeynəb xanım haqqında deyilən qiymətli fikirlərin sırasında bir neçəsini bu yazıda xatırlamağı məqsədəuyğun hesab edirik. Azərbaycanın Xalq Rəssamı Tahir Salahov deyib: "Zeynəb musiqimizdə hadisədir, mərhələdir və onun varlığı ilə fəxr etməyə dəyər". Filologiya elmləri doktoru, professor Əziz Şərif isə dəyərli sənətkarla bağlı düşüncələrini belə ifadə edib: "...Haçan səhnədə görünübsünüzsə, haçan qəlbən sevdiyiniz nəğmələri oxumağa başlayıbsınızsa tamaşaçı salonu gurultulu alqışlara bürünüb. Zeynəb səsinə, Zeynəb oxumasına pərəstiş edənlər sevgilərini də o alqışlara qatıb müğənniyə ərməğan ediblər. Siz oxuyursunuz və oxumalarınızdakı Vətən ətri, bayatı rayihəsi ürəklərə dolur. Şirin səsinizdən, kövrək nəğmələrinizdən doya bilmirik. Sizin hər nəğməniz həssas bir ürəyin hekayətidir. Odur ki, həmin nəğmələrə biganə qalmaq mümkün deyil...".
Zeynəb Xanlarova keçmiş Sovet İttifaqında bir neçə dəfə qardaş Türkiyədə qastrol səfərində olmuş yeganə və xoşbəxt sənətkarlardandır. 1972-ci ildə Türkiyəyə üçüncü qastrol səfəri zamanı xanəndənin ifasında 24 mahnı bu ölkənin səsyazma firmasında vala yazılıb. Həmin vallarda "Azərbaycan", "Reyhan", "Qonaq gəl bizə", "Sevən könül", "Lalələr", "Ay qəlbi kövrək", "Tələbəlik illəri" və başqa mahnılar yer alıb. Valların üstünə müğənninin şəkli vurulub, firmaya isə "Zeynəb" adı verilib.
Bütün bunlar bir daha deməyə tam əsas verir ki, Zeynəb Xanlarova təkcə doğulduğu zamanın deyil, bütün zamanların sənətkarıdır.