QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçmək istəyənlər həbs olunublar

Xəyal və Elvin Hüseynov qardaşlarının analoji əməllərə yol verdiyinə görə 25, digər şəxslər isə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər
Sputnik
BAKI, 27 dekabr — Sputnik. İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçmək istəyən 5 nəfər həbs olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri Xəyal Hüseynov, Elvin Hüseynov, Nicat Fədati, Coşqun Məmmədov və Şəmistan Hüseynov idarələrində olan avtomobillə rayonun işğaldan azad edilmiş ərazisinə daxil olmaq istəyərkən saxlanılıblar.
Yoxlamalar zamanı onların müvafiq icazələrinin olmadığı müəyyən edilib.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Qərara əsasən, Xəyal və Elvin Hüseynov qardaşlarının analoji əməllərə yol verdiyinə görə 25, digər şəxslər isə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər.
Xatırladaq ki, analoji hadisə ötən həftə Füzulidə baş verib. Belə ki, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazələri olmadan keçməyə cəhd göstərən şəxs həbs olunub, digəri cərimələnib. Yoxlamalar zamanı həmin şəxslərin müvafiq icazələri olmadığı müəyyən edilib və barələrində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.