BAKI, 27 dekabr — Sputnik. Rusiya Amerikanın "Patriot" zenit-raket komplekslərinin (ZRK) Ukraynaya təhvil veriləcəyi təqdirdə bu silahların zəif cəhətindən istifadə edərək onları məhv edə bilər.
Bunu icmalçı Pol İddon "Forbes" jurnalı üçün yazdığı məqalədə qeyd edib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri bu hava hücumundan müdafiə sisteminin aşağı sürətlə hərəkət etməsindən asanlıqla yararlanacaq.
"Bir batareyanın işləməsi üçün cəmi üç nəfər lazım olsa da, onu hərəkət etdirmək və bütün komponentlərini tənzimləmək üçün 90 nəfərə qədər insan lazımdır", – deyə jurnalist qeyd edib.
KP.RU saytı bu yaxınlarda yazıb ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonun Ukraynaya əlavə 1,85 milyard dollarlıq hərbi yardım edəcəyini və bu növbəti paketə "Patriot" sistemlərinin tədarükünü də daxil edəcəyini söyləyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın "Patriot" zenit-raket komplekslərinin Ukraynaya çatdırılacağı təqdirdə Rusiya qoşunlarının onları məhv edəcəyini əminliklə bildirib.