TƏHLİL

Hamı silkələnəcək: Qərb postsovet ölkələri üçün nələr hazırlayır?

Politoloqlar postsovet ölkələrini çox sayda meyarlara görə təsnif edirlər. Ən populyarlarından biri onların Moskvaya yaxınlıq və mehribanlıq dərəcəsidir.
Sputnik
İrina Alksnis, beynəlxalq şərhçi – "Sputnik" üçün
Nə qədər qəribə görünsə də, postsovet məkanı üçün 2022-ci ilin əsas hadisəsi heç də Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı olmadı. Keçən il, hər şeydən əvvəl, bir vaxtlar Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olmuş bütün ölkələrin, Qərb tərəfindən onlar üçün hazırlanmış talelərinin özünü daha aydın şəkildə büruzə verməsi daha əhəmiyyətli hadisə sayıla bilər.
Və bunun əvvəlki otuz il ərzində Rusiyanın qonşularının öz təsəvvürlərində çəkdikləri xeyirxah və qəribə rəsmlərlə heç bir əlaqəsi yoxdur. Hər şey daha sadə, kədərli və daha qorxuncdur.
Politoloqlar postsovet ölkələrini çox sayda meyarlara görə təsnif edirlər. Ən populyarlarından biri onların Moskvaya yaxınlıq və mehribanlıq dərəcəsidir: bəllidir ki, Baltikyanı ölkələr bir cür fərqli, Belarusiya tamam başqa, Özbəkistan üçüncüdür.
Amma əslində bu yanaşma mahiyyət etibarı ilə səhvdir, çünki on dörd keçmiş sovet respublikasının hamısı on beşinci - Rusiya ilə bağlı son üç onillikdə öz siyasətlərini eyni prinsiplər üzərində qurublar. Əsas iki prinsip var: Rusiya ilə əməkdaşlıqdan maksimum iqtisadi fayda əldə etmək və Moskva ilə siyasi məsafə saxlamaq.
Daha sonra isə artıq - "Hər halda, bizim tranzitimiz olmadan gedəsi heç bir yeriniz yoxdur" şüarı altında açıq-aşkar anti-Rusiya siyasəti yürüdən pribaltikalılardan tutmuş, hətta Rusiyaya ən dost ölkələrin belə vurğulanan çoxvektorluluğuna qədər milli incəliklər gəlirdi.
Bu vəziyyətin bir neçə səbəbi var idi. Başlanğıc üçün, nəzərə almaq lazımdır ki, tamamilə hər hansı bir dövlətin elitası öz ölkələrinin ən azı formal suverenliyini qorumaqda şəxsən çox maraqlıdırlar - sadəcə, ona görə ki, bir çox bölgələrdən birinin elitası deyil, dövlət elitası olmaq daha xoşdur. Və sözsüz ki, keçmiş metropol hesab etdikləri qonşu ölkə bu mənada onlar tərəfindən təhlükə kimi qəbul edilir.
Bundan əlavə, postsovet tarixində Rusiyanın müqayisədə ümidsiz şəkildə uduzduğu Qərbin cazibəsi böyük rol oynadı. Bu cazibə siyasi, iqtisadi, mədəni və sırf estetik idi. Beləliklə, bu və ya digər şəkildə, tamamilə bütün postsovet paytaxtları Moskva ilə münasibətlərdə iki stulda oturmuşdular.
Rusiyanın qonşularının bu qorxuları son illərdə daha da kəskinləşdi. Moskva nəhayət qüdrətli dövlət statusuna qayıdaraq Avrasiyada inteqrasiya proseslərinin inkişafı ilə fəal məşğul olmağa başladı (həqiqətən də bu, regionun bütün ölkələrinin obyektiv maraqlarına cavab verir - həyatın özü buna sövq edir). Sonra isə hətta postsovet məkanının onun həyati maraqları sferasında olmasını birbaşa bəyan etdi. Bütün bunlar 2014-cü ilin Krımı, Donbassdakı müharibə, hazırda isə Rusiya XHƏ ilə müşayiət olundu.
Ümumiyyətlə, son səkkiz il postsovet elitalarının qorxularını yalnız gücləndirdi ki, əgər belə davam edərsə, Moskva ətrafında güc toplayan və mərkəzə can atan qüvvələr, ölkələri, sadəcə olaraq, tozsoran kimi özlərinə çəkəcəklər – nəticədə işin necə bitəcəyi böyük bir sual altındadır. Onların cavabı Çin və Türkiyə də daxil olmaqla müxtəlif geosiyasi mərkəzlər arasında çoxvektorluğun gücləndirilməsi və tarazlığın artırılması oldu. Ancaq, söz yox ki, qonşularının əksəriyyəti ABŞ və Avropadan Rusiyaya qarşı əsas əks müvazinət kimi istifadə edirdi.
Vəziyyətə uzaqdan baxsanız, bu qorxuları, məntiqi və qərarları başa düşmək olar. Tək bircə 2022-ci il göstərdi ki, əsas stavkalarını Qərbə qoyan ölkələr ölümcül səhvə yol veriblər. Geosiyasi mastodonlarla tarazlığı və bərabər məsafəni qorumağa çalışan digərləri üçün də vəziyyət o qədər də asan deyil.
Məsələ ondadır ki, postsovet ölkələri Qərbin fərasət və humanizmini gərək olduğundan artıq qiymətləndiriblər. Onlar (yeri gəlmişkən, müəyyən vaxta qədər Rusiya kimi) mürəkkəb geosiyasi multi-hərəkətləri və incə xarici siyasət oyunlarının olacağını hesablamışdılar, lakin hər şey daha sadə və daha kobud oldu. Qərb Rusiya ilə ölüm-dirim pərçiminə girdi və ən aşkar və qəddar üsullara əl atdı: düşmənin sabitliyini daxildən pozmaq mümkün deyilsə, onun perimetrini, qonşularını yandırmaq lazımdır.
Bu il ərzində biz Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşdiyini və Tacikistanla Qırğızıstan arasında sərhəd atışmalarını, Qazaxıstanda törədilən terror aktını və Moldovanın anti-Rusiya hərbçiliyini gördük. Belə bir fonda Baltikyanı elitaların Vaşinqtonun sözsüz sadiq vassalları kimi öz iqtisadiyyatlarını Rusiya ilə mübarizə ocağına atması barədə danışmaq belə artıqdır - orada da hərbi xətt üzrə işlər gedir.
Ümumiyyətlə, Ukraynadakı döyüşlər 2022-ci ildə son dərəcə "rəngli" bir çərçivə aldı. Və bütün bu hadisələrdə Qərbin "qulaqları" ya tamamilə açıq şəkildə görünür, ya da bir az maskalanır.
Və bundan sonra daha da pis olacağına şübhə yoxdur. İstənilən hər hansı bir rıçaqdan istifadə edilərək hər kəsi silkələyəcəklər.
Ən çətin vəziyyətdə atlantikçilərin məxluqlarının rəhbərlik etdiyi ölkələr - üç Baltikyanı respublika, Ukrayna, Moldova və digərləri var. Onları Rusiyaya qarşı mübarizə qurbangahında tam qurban verməklə hədələyirlər. Amma digər dövlətlər üçün vəziyyət bir az asandır, çünki hər kəsin Qərb tərəfindən bu ölkələri alovlandırmaq və sadəcə olaraq Rusiyaya öz sərhədinin bütün perimetri boyunca problemlər yaratmaq üçün istifadə edəcəyi zəif tərəfləri var.
Görünür, postsovet dövlətlərinin böyük bir hissəsinin rəhbərləri başa düşdülər ki, əslində onların ölkələri uçurumun üzərindən iplə keçməyə çalışan kəndirbazlar vəziyyətindədirlər. İstənilən halda, onların bir çoxunun qərarları və hərəkətləri – həm daxili, həm də xarici siyasətdə – keçən il son dərəcə balanslı və ehtiyatlı idi.
Ən bariz nümunə Minskdir ki, illərdir Moskva ilə çox yaxından qucaqlaşmaqdan qaçaraq hazırda əslində onunla çiyin-çiyinə dayanıb. Aydındır ki, Aleksandr Lukaşenko Qərbin onun ölkəsi üçün hansı dəhşətli aqibəti hazırladığını dəqiq bilir – və bundan qaçmaq üçün yeganə şans Belarusun Rusiya ilə birləşməsidir.
İnanmaq istərdim ki, 2023-cü ildə digər postsovet dövlətlərinin başçıları da eyni fikrə gələcəklər.