BAKI, 27 dekabr - Sputnik. Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin “Code for future” layihəsinin məzun günü keçirilib.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə gənclərin hərtərəfli inkişafına xüsusi önəm verildiyini vurğulayıb, layihənin əhəmiyyətini diqqətə çatdırıb. Nazir qeyd edib ki, texnologiyalar və insan düşüncəsi sürətlə dəyişir. Buna görə də gələcəyin çağırışlarına uyğun, fundamental bilik və bacarıqlara malik mütəxəssislər yetişdirmək zamanın tələbidir:
“Hazırda "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində orta ümumtəhsil məktəblərində 300 min şagird proqramlaşdırma öyrənir. Bu göstərici növbəti illərdə xeyli artacaq. İl ərzində İT ixtisaslarını 3000 tələbə bitirir. Bu ixtisasların böyük əksəriyyəti dövlət sifarişlidir. Gələcəkdə bakalavriatura və magistratura pillələrində İT ixtisaslarının (proqramlaşdırma, kibertəhlükəsizlik, sistem mühəndisliyi, kompüter mühəndisliyi və s.) sayı daha da artacaq.
Nazir “Code for future” layihəsinin məzun olan gənclər üçün dönüş nöqtəsi olacağına, onların gələcəkdə əmək bazarında daha tez iş tapacaqlarına əminliyini bildirib.
BDU-nun rektoru Elçin Babayev isə qeyd edib ki, 2021-ci ildən “Code For Future” layihəsi Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və “CodeAcademy” Təhsil Mərkəzinin iştirakı ilə uğurla icra olunmaqdadır. 2022-ci ildən etibarən isə “DevEducation” şirkəti də bu istiqamətdə fəaliyyət göstərir:
“Hər iki təhsil müəssisəsi yetərincə tanınmış, inam qazanmış təhsil qurumlarıdır. Burada dərs deyən müəllimlər yüksək pedaqoji bacarıqlarla yanaşı, İT sahəsində böyük təcrübəyə malikdirlər. Tədrisə belə müəllimlərin cəlb olunması tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki vərdiş və bacarıqlara yiyələnməsinə, karyera qurmalarına, kreativ düşüncəli gənc mütəxəssis kimi formalaşmalarına imkan verəcək. Hazırda BDU-da “CodeAcademy” və “DevEducation” layihələri üzrə 6 auditoriyada 200-ə yaxın BDU tələbəsi təhsil alır. Hər iki layihə tələbələr arasında böyük rəğbət qazanıb”.
Rektor vurğulayıb ki, BDU-nun əsas məqsədi əmək bazarının tələblərinə uyğun, peşəkar, savadlı, müasir informasiya texnologiyalarına, yüksək intellektə malik mütəxəssislər yetişdirməkdir. Bu məqsədə nail olmanın ən birinci yolu məhz əməkdaşlıq və təcrübə mübadiləsidir. Kompüter elmləri BDU-nun təbiət elmləri sahəsində əsas 5 elmi prioritetindən biridir.
Təsadüfi deyil ki, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Rəqəmsal Araşdırmalar elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Laboratoriyada mövcud sənaye problemlərinin elmi-tədqiqatlar əsasında həll yolları araşdırılır, “BP Azerbaijan” və SOCAR kimi tanınmış şirkətlərlə müqavilə əsaslı layihələr yerinə yetirilir. Həmin layihələrdə əsasən tələbə və gənc tədqiqatçılar iştirak edirlər.
BDU və İsrailin Holon Texnologiyalar İnstitutu arasında bu sahə üzrə ikili diplom proqramı uğurla davam etdirilir. Hazırda BDU-da bakalavriat, magistratura və doktorantura səviyyələrində 10 ikili diplom proqramı həyata keçirilir. BDU-nun Tələbələrin Elmi-Texniki Yaradıcılıq Mərkəzində mühəndislik, elektronika kimi sahələrlə yanaşı, proqramlaşdırma sahəsi üzrə də müxtəlif layihələr yerinə yetirilir. 2023-ci ildən etibarən SabahLab layihəsinin də BDU-da həyata keçirilməsi üzrə işlər davam etdirilir.
AzTU-nun rektoru Vilayət Vəliyev isə “Code for future” layihəsinin və digər rəqəmsal proqramların tələbələrə tarixi imkan qazandırdığını vurğulayıb. O, belə layihələrin tədris prosesini yaxşılaşdırdığını, əməkdaşlıq imkanlarını artırdığını qeyd edib.
Tədbirdə “Code for future” layihəsindən məzun olan BDU və AzTU tələbələri buraxılış işlərini təqdim ediblər. Daha sonra “Code for future” tələbələrinin təhsil həyatını əks etdirən video nümayiş etdirilib. Sonda tələbələrə sertifikatlar təqdim olunub.