BAKI, 27 dekabr - Sputnik. Milli Məclisdə “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” qanunlarda və Vergi Məcəlləsində dəyişikliklərə baxılıb.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, sənəddə Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin, onların ailə üzvlərinin diplomatik nümayəndəlik və konsulluqların yerləşdiyi ölkələrin sosial-iqtisadi və maddi-məişət şəraitinə uyğun olaraq həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün onların əməkhaqlarının artırılması, onlara əlavə müavinətlərin ödənilməsi məqsədilə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.
Qeyd edilib ki, qanun layihəsi həm beynəlxalq standartları özündə ehtiva etmək, həm də daha konkret məvacib sistemi qurmaq baxımından vacib sənəddir. Təklif olunan dəyişikliklər diplomatların maddi rifah halının yaxşılaşdırılmasına imkan yaradacaq.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi sosial sığorta və vergiyə cəlb olunacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosial sığorta haqqında" qanuna və Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb.
"Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə, dövlət məvacibi istisna olmaqla, ödənilən müavinətlər, kompensasiyalar və dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsalın məbləğindən məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayacaq.
Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödənilən müavinətlər, kompensasiyalar və dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsalın məbləği gəlir vergisindən azad ediləcək.
Beləliklə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi qanunvericiliklə müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunacaq.