AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan ilk növbədə sərhədyanı ölkələrlə əlaqələrin inkişafına önəm verir - Nazir

İl ərzində İranla münasibətlərimizin inkişafı ilə bağlı səylər davam etdirilib.
Sputnik
BAKI, 27 dekabr — Sputnik. Bu il Azərbaycan Respublikası prezidentinin rəhbərliyi altında ölkəmiz müstəqil, praqmatik siyasətini uğurla davam etdirib. Bu sözləri 2022-ci ilin yekunlarına dair keçirilən illik mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, "bu il həmçinin bir çox ölkələrlə İkitərəfli münasibətlərin qurulmasında yubiley ili idi. Bütün bu ölkələrlə diplomatik əlaqələrin qurulması ilə bağlı qarşılıqlı şəkildə tədbirlər həyata keçirilib".
"Azərbaycan ilk növbədə sərhədyanı ölkələrlə əlaqələrin inkişafına önəm verir. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bu il Azərbaycan və Türkiyə parlamentləri tərəfindən ratifikasiya edildi. Bu il ərzində Prezident İlham Əliyevin Türkiyəyə üç səfəri baş tutub. İl ərzində Azərbaycan-Rusiya əməkdaşlığı uğurla davam edib. Müttəfiqlik haqqında qarşılıqlı fəaliyyət Bəyannaməsi imzalanıb.
Həmçinin Prezident İlham Əliyevin Rusiyaya bir rəsmi, bir neçə işgüzar səfəri baş tutub. Ötən ay Rusiya nümayəndə heyəti Azərbaycana səfər edib. Gürcüstanla münasibətlərimiz sabit şəkildə inkişaf edib. Qarşılıqlı olaraq səfərlər həyata keçirilib. İranla münasibətlərimizin inkişafı ilə bağlı səylər davam etdirilib. 2022-ci il ölkəmizin Mərkəzi Asiya ölkələri ilə münasibətlərində xüsusilə dinamika müşahidə olunub", - nazir deyib.