BAKI, 26 dekabr — Sputnik. Yeni il ərəfəsi daxili və xarici turların qiyməti bahalaşıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Sputnik Azərbaycan bayram günlərində turların qiymətində nə qədər bahalaşma olduğunu araşdırıb.
Turizm agentlikləri qiymətlərdə bir qədər bahalaşma olduğunu təsdiqləyiblər. "Locatian Travel"dən Sputnik Azərbaycan-a bildirdilər ki, qiymətlərdə bahalaşma bayram günlərində təlabatın artması ilə bağlıdır. 31dekabr-2 yanvar tarixləri üçün Qusarda, Şahdağda istirahət və bayram şənliyində iştirakın qiyməti 179 manatdır. Bura nəqliyyat, iki dəfə qidalanma, bayram gecəsi şam yeməyi daxildir. Turizm şirkətindən qiymətdə artımın olmasını bölgələrdə gecələmə yerlərinin dolu olması ilə izah ediblər. Bildiriblər ki, bayram günlərində turizm bölgələrinin mütləq əksəriyyətində hotellər və digər gecələmə yerləri artıq indidən bron edilib. Bu isə qiymətə təsir göstərir.
"Esma Travel"-dən isə Sputnik Azərbaycan-a bildiriblər ki, 31 dekabr-1 yanvar tarixi üçün Quba-Şahdağ turunun qiyməti 85 manatdır. Bura bir dəfə gecələmə, səhər yeməyi daxildir. Rezervasiya üçün ilkin 50 faiz ödəniş tələb olunur.
Əlaqə saxladığımız digər turizm şirkətləri də qiymətlərdə bahalaşma olduğunu bildiriblər. Onların sözlərinə görə, Yeni il bayramı günü və yanvarın 5-dən olan tur paketlərinin qiymətində 40-50 manatadək bahalaşma var. Buna səbəb isə turizm bölgələrində gecələmə yerlərinin qiymətində artımın olmasıdır. Bir günük tur paketlərin qiymətində isə ciddi bahalaşma müşahidə olunmur.
Belə ki, Qusar-Şahdağ, Qəbələ-Tufandağ, Şəki-Marxal tur paketlərinin qiymətində 3-5 manat civarında dəyişiklik var. Turizm agentliklərindən bunu Yeni il ərəfəsi təlabatın artması ilə əlaqələndirdilər.
Tufandağ qar yağandan sonra
© Sputnik / Zulfiyya Guluyeva
Qeyd edək ki, bayram günlərində qiyməti bahalaşan təkcə daxili turlar deyil. belə ki, xarici turların qiymətində daha çox bahalaşma müşahidə olunur.
"Alison Travel"dən Sputnik Azərbaycan-a bildiriblər ki, bəzi ölkələrə ümumiyyətlə təyyarəyə bilet tapmaq mümkün deyil. Ən çox xarici ölkələrə tur paket isə Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Əbu-Dabi, Şarm-Əl-Şeyx istiqamətlərinədir. Turizm agentliyindən bildiriblər ki, Türkiyənin turizm bölgələrinə bir nəfər üçün gediş-gəliş bileti 800 manat, hotellərdə yer bron etməklə biletin qiyməti 2500 manatdır.
Gürcüstana isə bir nəfər üçün bilet qiyməti 750 manat təşkil edir. Tur agentliyin nümayəndəsi qeyd edib ki, Avropa ölkələrinə isə hazırda ümumiyyətlə bu gündən sonra bilet axtarmaq mənasızdır. Çünki, viza üçün sənəd hazırlamaq müəyyən vaxt tələb edir.
Moskva istiqamətinə gediş-gəliş bileti 1000-1200 manatdır. Moskvada 29 dekabr -2 yanvar tarixinə dörd gecəlik turun qiyməti 1500 manat təşkil edir. Bu turda qidalanmaya ancaq səhər yeməyi daxildir.
Moskvada bir nəfər üçün bayram gecəsi şam yeməyinin qiyməti isə 150-200 dollardir. Agentlik nümayəndəsi Moskvada Yeni ili qarşılamağın qiymətinin iki nəfər üçün 3500-4000 min ABŞ dolları civarında olduğunu da bildirib.
Agentlikdən ən yaxşı halda daxili tur paketləri almağı tövsiyə olunub. Lakin Şahdağdakı hotellərə də tur paketinin qiyməti isə 3500 manat təşkil edir:
"Şahdağda "Park Chalet"də iki nəfərlik bayram günü üçün tur paketin qiyməti 3500 manat təşkil edir. Burada digər hotellərdə artıq boş yer qalmayıb".
"Caspian Breeze Travel" dən bayram günləri üçün Türkiyə üçün təyyarə biletinin qiyməti 900 manatdır. Bir nəfər üçün hoteldə qalmaq 1500-1700 manata başa gəlir. Gürcüstana isə hazıda bilet yoxdur.
"Sava Tour"dan isə bildiriblər ki, Qətərə Doha turunun qiyməti 1088 ABŞ dolları təşkil edir.
"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Əhməd Qurbanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, insanlar Yeni İl bayramında bir neçə günlük tətilini daha yaxşı keçirmək üçün xarici və yerli turizm bölgələrinə səfərlərə üstünlük verirlər.
Onun sözlərinə görə, bazarda qiymətlər tələb-təklif əsasında müəyyənləşir, ona görə də Yeni İl bayramında təlabat artdığından tur paketlərin qiymətində nəzərəçarpacaq artım var:
"Birinci səbəb tələbin artmasıdır. Buna görə də hotellər qiymətləri bahalaşdırır. Bu isə tur paketlərinin qiymətinə təsirsiz ötüşmür. Nəticədə tur paketlərinin qiyməti bahalaşır. Yeni il qış mövsümünün ən qaynar vaxtı hesab olunduğundan, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da turpaketlərin qiyməti artır".
Ə.Qurbanov həmçinin bəzi hotellərdə qiymətlərin kəskin bahalaşdığını da qeyd edib:
"Bəzi hotellər qiymətləri "kəllə-çarxa" çıxarıblar. Bu qəbuledilməzdir. Biz də tövsiyyələrimizi veririk ki, qiymətlər vətəndaşların cibinə uyğun olmaldır. Bayram günlərində qiymətlərin əlçatan olması üçün rəqabət mühitinin formalaşmasına ehtiyac var".
Onun sözlərinə görə, koronavirus pandemiyası da hotellərin iş fəaliyyətinə təsir edib. Ona görə pandemiyadan sonra hotellərin sayının artırılmasına ehtiyac var:
"Hal-hazırda regionlarda yeni hotellər açılsa da, bu, kifayət etmir. Azulduzlu hotellərin, hostellərin, qonaq evlərinin və digər gecələmə yerlərinin sayı artarsa, rəqabət mühiti formalaşa və qiymətlər aşağı düşə bilər. Əgər bir bölgədə bir beşulduzlu hotel varsa, təbii ki, o hotel qiyməti diktə edərək qaldırır. Turistlər isə məcburiyyətdən həmin hoteldə qalmalı olurlar. Bu baxımdan hotellərin sayının artırılması vacibdir. Bu da gələcəkdə rəqabət mühitinin formalaşmasına öz müsbət təsirini göstərəcək".