BAKI, 26 dekabr — Sputnik. Azərbaycan Mərkəzi Bankının Kollegiyası "Yaşıl Kart" sığorta sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və sistem çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Qərarı qurumun sədri Taleh Kazımov imzalayıb.
Qərara əsasən, "Yaşıl Kart" üzrə birdəfəlik ödəniş 10000 manat müəyyən edilib.
Bundan başqa, "Yaşıl Kart" müqavilələri üzrə Türkiyə və İrana gedən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 12-440 manat, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 10-400 manat, digər ölkələrə gedən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 30-1200 manat, Türkiyə, İran, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 15-1630 manat, digər ölkələrə gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 30 - 2389 manat müəyyənləşdirilib.
Qərar gələn il yanvarın 1-dən qüvvəyə minir.
AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.