BAKI, 25 dekabr - Sputnik. Fransızların bəslədiyi ilan onların özünü sancmağa başlayıb. Bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar Parisdəki son iğtişaşları şərh edərkən deyib.
Bundan əvvəl Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Fransanı Suriyada ölkəsində qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) dəstək verməkdə ittiham edib.
Kalının sözlərinə görə, indi PKK nümayəndələri “Paris küçələrini yandırırlar”.
“Parisdəki son hadisələr göstərdi ki, fransızların qidalandırdığı ilan onları sancmağa başlayıb”, - deyə Anadolu agentliyi Akardan sitat gətirib.
“İndi hər kəs bu terror təşkilatının əsl üzünü görməlidir”, deyə Türkiyəli nazir əlavə edib.
Xatırladaq ki, cümə günü Parisin 10-cu rayonunda kürdlərin mədəniyyət mərkəzinin yaxınlığındakı küçədə 69 yaşlı kişi atəş açıb. Hadisəni törədən şəxs saxlanılıb.
Atışma nəticəsində 3 nəfər həlak olub, zərərçəkənlərdən ikisinin vəziyyəti ağır, daha iki nəfərin vəziyyəti isə orta-ağırdır.
Kürd icması nümayəndəsinin RİA Novosti-yə verdiyi məlumata görə, üç kürd fəal öldürülüb. Paris prokurorluğu qətl işi ilə bağlı istintaqa başlayıb.
KİV-in məlumatına görə, atəş açan şəxs kürd icmasına hücum etməyi planlaşdırdığını və hərəkətlərinin irqi nifrətdən ilhamlandığını etiraf edib.
Şənbə günü minlərlə kürd Parisin 10-cu rayonunda cümə günü üç kürd fəalın ölümü ilə nəticələnən atışmaya etiraz etmək üçün Parisdəki Respublika meydanına toplaşıb. Onlar hadisəni kürd icmasına qarşı terror aktı hesab edirlər. Etirazçılar atışmanın arxasında Türkiyənin dayandığını düşünürlər.
Nümayiş qısa zamanda polislə toqquşma baş verib. Etirazçılar avtobus dayanacaqlarını sındırıb, avtomobilləri aşırıb, mebelləri, zibil qablarını yandırıb, səkidəki daşları sındırıb, sonra isə onları polisə atıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları izdihamı dağıtmaq üçün dəfələrlə gözyaşardıcı qazdan istifadə ediblər. Qarşıdurmalarda bir neçə nəfər yaralanıb.