"Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğal edilməsinə, yüz minlərlə əhalinin ərazilərimizdən qovulmasına və kütləvi qırğınlar törədilməsinə baxmayaraq, Azərbaycan tərəfi 25 il ərzində Ermənistanla münaqişənin danışıqlar və dinc yolla həll edilməsi istiqamətində danışıqlar prosesinə sadiq qalıb. 44 günlük Vətən müharibəsində tam qalibiyyətə və ərazilərin işğaldan azad olunmasına baxmayaraq, Ermənistanla sülh müqaviləsinin imzalanması təklifini də məhz Azərbaycan tərəfi irəli sürüb".
Nazirliyin bəyanatında qeyd olunur ki, Azərbaycan tərəfinin Ermənistanla delimitasiya olunmamış sərhəd istiqamətində daha əlverişli mövqelərə sahiblənməsinin guya Azərbaycanın Ermənistanın hər hansı bir ərazisini işğal etməsi kimi qiymətləndirilməsi təəccüb doğurur:
Sənəddə vurğulanır ki, bütün tarixi əsərlərdə, xəritələrdə və qəbul edilmiş sənədlərdə qeyd edildiyi kimi indiki Ermənistanda bir sıra ərazilərin Azərbaycanın tarixi torpaqları olması barədə fikirlərin Ermənistana qarşı ərazi iddiaları kimi qiymətləndirilməsi, habelə Azərbaycanın etnik təmizləmədə təqsirləndirilməsi riyakarlıqdır və Ermənistanın tarixi faktlardan xəbərsiz olduğunu sübut edir:
"Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib. Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub".
Nazirlik bir daha bəyan edib ki, Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi niyyəti və sülh quruculuğu təşəbbüsləri qarşılığında Ermənistanın öz öhdəliklərinə zidd olaraq destruktiv fəaliyyəti davam etdirməsi, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat və addımları bölgədə sülhün bərpasına xidmət etmir. Azərbaycan beynəlxalq hüququn ona verdiyi əsasla müvafiq sülh quruculuğu tədbirlərini davam etdirəcək.