BAKI, 25 dekabr — Sputnik. "Bakı Metropoliteni" QSC tərəfindən 9 yeni metro stansiyası tikiləcək. Stansiyalardan 3-ü "Dərnəgül" və "Koroğlu" stansiyası arasında olacaq. İki stansiya Ziya Bünyadov prospektindən, üçüncü isə "Koroğlu" stansiyasından keçməklə ona yaxın ərazidə tikiləcək.
Maraqlıdır, bu stansiyaların tikintisi nəqliyyat infrastrukturuna nə qazandıracaq?
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı kimi əhalisi çox olan şəhərlərdə yeraltı nəqliyyat infrastrukturunun inkişafı vətəndaşların rahatlığı üçün önəmlidir. Böyük şəhərlərdə metrostansiyaların tikintisi meqapolislərin nəqliyyat problemini səmərəli həll etməklə yanaşı, həm də yeraltı məkanın kompleks şəkildə inkişafı üçün zəruri şərait yaradır.
"Bu gün Azərbaycanda yeraltı infrastrukturun inkişafı kimi sadəcə metronu qeyd edə bilərik. Yeni metrostansiyalarının salınması da müasir tələblərə uyğun olmalıdır. Düşünürəm ki, hazırda həm də Bakı kəndlərini əhatə edəcək metrostansiyaların tikintisinə ehtiyac var. Təəssüf ki bu gün yerüstü, sürətli dəmiryol xətlərini inkişaf etdirə bilmirik. Burada müəyyən subyektiv və obyektiv səbəblər var. Lakin bunun əvəzində yeraltı dəmiryolu xəttini inkişaf etdirə bilərik", - deyə o, əlavə edib.
Nəqliyyat üzrə digər ekspert İlqar Hüseynov isə bildirir ki, illərdir metrostansiyaların açılması ilə bağlı müzakirələr getsə də, son 30 ildə çox az sayda stansiya təhvil verilib:
"Hazırda "8 Noyabr" adlanan stansiya təxminən 13-14 ilə təhvil verildi. 2040-cı ilədək metrostansiyaların sayının 56-ya çatdırılması perspektiv planda nəzərdə tutulub. Lakin maraqlıdır ki, bu 9 stansiya hansı müddətdə təhvil veriləcək".
Ekspertin fikrincə, stansiyaların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Belə olan halda yollardakı yük azalar.
"Metronun "Koroğlu" stansiyasının yaxınlığında tikintisi nəzərdə tutulan, eyni zamanda "Dərnəgül" istiqamətində yeni inşa ediləcək metrostansiyası metronun yükünün azaldılmasına o qədər də ciddi təsir etməyəcək", - o, qeyd edib.
Ekspert bildirir ki, ümumiyyətlə, "Azadlıq" stansiyasından "Dərnəgül"ə doğru hərəkət edən qatarlar boş gedir:
"Monitorinq aparsaq görərik ki, ümumiyyətlə o istiqamətdə sərnişin sıxlığı yoxdur, qatarlar boş gedir. Bundansa, yeni açılmış "Xocəsən" stansiyasından növbəti bir sürətli keçid edərək Xırdalanda, Masazırda, daha sonra isə Saray istiqamətində üzü Sumqayıta doğru bu xətti genişləndirmək daha effektiv olacaq".
Hüseynovun sözlərinə görə, Şamaxinka adlanan ərazidən Xırdalan istiqamətinə çox böyük problemlər var. Öncə bu istiqamətdə addımların atılması problemlərin azalmasına səbəb olar.
Digər ekspert Aslan Əsədov da hesab edir ki, Bakıda sərnişindaşımada ən böyük pay, yük Bakı metropoliteninin üzərinə düşür: "Ən yaxın gələcəkdə inşa ediləcək stansiyalardan 3-ü metronun keçid stansiyaları, əlaqələndirici stansiyalar olacaq. Bunun da bir sıra üstünlükləri var. Sərnişin daha rahatlıqla qısa müddətdə yolu qət edəcək".
Ekspert bildirir ki, Bakı kəndləri ilə müqayisədə öncə Bakı ətrafında yaşayışın sıx olduğu yerlərdə stansiyalar salınmalıdır: "Xırdalan şəhər statuslu yaşayış məskənidir və burada sıx məskunlaşma var. Öncə bu əraziyə metro xətti çəkilməlidir".
Ziya Bünyadov istiqamətində sıxlıqdan danışan ekspert bildirir ki, burada hər zaman intensivlik müşahidə edilir. Bu prospekt boyunca sıx məskunlaşma mövcuddur və ora bir stansiyanın salınması məqsədəuyğun olardı.
Maraqlıdır, stansiyaların yerinin müəyyənləşdirilməsi zamanı hansı kriteriyalar nəzərə alınıb?
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 9 stansiya ilə bağlı kriteriyalar hələ konseptual inkişaf sxemi təsdiqlənən dövrdə müəyyənləşib:
“Əhalinin axın templəri, ictimai nəqliyyatdan istifadə intensivliyi və s. nəzərə alınıb. Bundan başqa, hər bir metro xəttinin salınması ilə bağlı müəyyən kriteriyalar var. Həmin ərazilər stansiya inşası üçün coğrafi baxımdan münbit olmalıdır. Kriteriyalar çoxşaxəlidir”.
O bildirir ki, stansiyaların yerlərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma 2008-2011-ci illərdə aparılıb: “Xətlərin ayrılması və dairəvi xəttin inşası məsələləri var. Birinci yerdə xətlərin ayrılması məsələsidir ki, burada da yekun olaraq 9 stansiyanın inşası nəzərdə tutulur. Dairəvi xətt isə həmin layihənin davamı kimi Bakıxanov, Qaraçuxur, Yeni Günəşli istiqamətində stansiyaların inşası ilə yaşıl xəttin tam dairəvi formada tamamlanmasını özündə ehtiva edir”.
Məmmədov stansiyaların inşasının vaxtı ilə bağlı dəqiq bir proqnozun olmadığını vurğulayıb.
Qeyd edək ki, "Bakı Metropoliteni"nin "Şah İsmayıl Xətai" stansiyasından sonra Ağ şəhər kimi böyük layihəsi var. Eyni zamanda "NZS qəsəbəsi"nə doğru - 8 Noyabr prospektində 1 stansiyanın, "Nargilə kafesi" adlandırılan və köhnə Bakı Avtomobil Zavodu istiqamətində başqa bir stansiyanın və "Həzi Aslanov" stansiyasına keçid stansiyasının inşası nəzərdə tutulur.