QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Nazir: Yataqların qanunsuz istismarı normal qarşılana bilməz

“Sözsüz ki, bu vəziyyət cəmiyyətimiz tərəfindən normal qarşılana bilməz. Biz ictimaiyyətin narahatlığını başa düşürük”, - nazir vurğulayıb.
Sputnik
BAKI, 24 dekabr - Sputnik. “Əminik ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində ekoloji bərpa işlərinin həyata keçirilməsi son nəticədə bu ərazilərdə təbiətin dirçəldilməsinə gətirib çıxaracaq”.
APA xəbər verir ki, bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Böyük Qayıdışın ekoloji aspektləri” adlı məruzəsində deyib.
Nazir bildirib ki, dekabr ayının əvvəlindən başlayaraq, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingenti ilə onların müvəqqəti yerləşdirildiyi ərazilərimizdə təbii ehtiyatların qanunsuz istismarının dayandırılması, monitorinq və inventarlaşmanın aparılması, ətraf mühitə zərər və risklərin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə edir.
“Sözsüz ki, bu vəziyyət cəmiyyətimiz tərəfindən normal qarşılana bilməz. Biz ictimaiyyətin narahatlığını başa düşürük”, - nazir vurğulayıb.
Ekoloji terrora son qoyulması üçün ictimaiyyət nümayəndələrinin fəaliyyətini vurğulayan nazir bunları əlavə edib: “Şaxtalı havaya baxmayaraq, vətəndaş cəmiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloji fəallar Laçın-Şuşa yolunda etiraz aksiyası keçirirlər. Aksiyanın məqsədi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarının dayandırılmasıdır”.