BAKI, 24 dekabr - Sputnik. Böyük Britaniya kralı III Çarlz hüquq müdafiəçisi Virciniya Cuffrenin cinsi istismara məruz qalması iddialarına görə kiçik qardaşı Şahzadə Endryunu Bukingem sarayından qovub.
“Report” xəbər verir ki, bu barədə “The Sun” mənbəyinə istinadən məlumat yayıb.
“Şahzadə Endryu daha hər hansısa bir səbəblə sarayda ola bilməyəcək. Kral III Çarlz bunu açıq şəkildə bildirib. Şahzadə krallıq öhdəliklərini yerinə yetirmir. O, artıq təkbaşınadır”, - nəşr insayderdən sitat gətirib.
Buna baxmayaraq, Şahzadə Endryu Milad bayramını kral ailəsinin digər üzvləri ilə Sandringem sarayında qeyd etməyi planlaşdırır. Şənlikdə onun keçmiş həyat yoldaşı Sara Ferqyusonun, həmçinin qızları Beatris və Eujeniya, onların ərləri və uşaqlarının da iştirak edəcəyi gözlənilir.
Qeyd olunur ki, Britaniya Xarici İşlər Nazirliyi dekabrda Şahzadə Endryunu bütün sutka boyu davam edən və Britaniya xəzinədarlığının hər il 3 milyon funt sterlinq ödədiyi silahlı mühafizədən məhrum edib. Kral sarayı ödənişi üzərinə götürüb.
Xatırladaq ki, Şahzadə Endryu 2020-ci ilin may ayında yetkinlik yaşına çatmayanlara cinsi zorakılıq etməkdə ittiham olunan Cefri Epşteyn ilə yaxın münasibəti ictimailəşdikdən sonra krallıq titullarından və vəzifələrindən məhrum edilib. Hüquq müdafiəçisi Virciniya Cuffre kral ailəsinin üzvünü məhkəməyə verərək onu cinsi təcavüzdə ittiham edib. II Elizabetin oğlu ona 12 milyon avro təzminat ödəyib.