BAKI, 23 dekabr — Sputnik, Mixail Katkov. Amerikanın aparıcı KİV-lərinin yazdığına görə, Ukrayna prezidenti Vaşinqtonda keçirilən danışıqlarda məqsədlərinə nail olmayıb. Eyni zamanda, bəzi konqresmenlərin qeyd etdiyi kimi, onun parlamentdəki çıxışı dialoq qurmaq cəhdindən daha çox tamaşaya bənzəyirdi. Zelenski Yeni il üçün bütün "hədiyyələri" niyə almadı – bu barədə "RİA Novosti"nin materialında.
Milad oğruları
ABŞ-a səfər Zelenskinin Rusiya xüsusi əməliyyatı başlayandan bəri ilk xarici səfəri olub. Onun əsas vəzifəsi yeni silah və sursat tədarükü ilə bağlı danışıqlar aparmaq idi. Ona görə də konqresdə o, uzun müddət ukraynalı əsgərlərin qəhrəmanlığından, hətta okeanın o tayında belə gizlənməyən Rusiya təhlükəsindən, dünya ictimaiyyətinin gündəlik dəstəyinə ehtiyacı olan Kiyevin dözümlülüyündən danışıb.
Deputatlar Zelenskini özlərinin doğmaları kimi qəbul ediblər. Çıxış 18 dəfə alqışlarla kəsilib. Sanki, istədiyi hər şey ona veriləcəkdi. Bununla belə, noyabrın əvvəlində ABŞ-da keçirilən aralıq seçkilər çox dəyişdi. Parlamentin aşağı palatası Kiyev rejiminin maliyyələşdirilməsinə şübhə ilə yanaşdığını gizlətməyən Respublikaçılar Partiyasına qismət oldu.
"The Washington Post"un yazdığına görə, Zelenskinin çıxışından sonra Nümayəndələr Palatasındakı respublikaçıların rəhbəri Kevin MakKarti Ukraynanı dəstəklədiyini, lakin Amerika yardımının necə istifadə olunduğunu yoxlamaq istədiyini bildirib. Koloradodan olan konqresmen Loren Bobert və Floridadan Mett Qets hörmətli qonağı heç alqışlamayıblar. Texas ştatının nümayəndəsi Çip Roy öz gördüklərini səlahiyyət müddəti başa vuran Konqres rəhbərliyinin "siyasi teatr" adlandırıb. "Hill" qəzeti qeyd edir ki, 213 respublikaçı konqresmendən yalnız 86-sı Zelenskini dinləməyə gəlib.
"Bloomberg"in məlumatına görə, dekabrın 22-də Demokratik Partiya Kiyevə 45 milyard dollarlıq yardım paketinə tez səs vermək istəyib, ancaq bunu yalnız ikinci cəhddə bacarıb. ilk dəfə təşəbbüsün qarşısını respublikaçılar alıblar. Demokrat senator Kris Kuns bəzi partiya üzvlərinin də buna qarşı olduğunu vurğulayıb.
Co Bayden Zelenskini inandırıb ki, Vaşinqton nə qədər lazımdırsa, Kiyevi dəstəkləmək niyyətindədir. Respublikaçılar inadkar olsalar belə, Ukrayna ordusu lend-liz vasitəsilə təmin oluna bilər. Güman edilir ki, İkinci Dünya Müharibəsində olduğu kimi, yardım alanlar yalnız döyüş əməliyyatları başa çatdıqdan sonra sağ qalanların haqqını ödəyəcəklər.
Sülh üçün tanklar
Lakin prezidentlər səviyyəsində də hər şey qaydasında getmədi. Zelenski şəxsi görüşdə Rusiya Prezidenti Vladimir Putini təhqir etməkdən çəkinməyib. Amerikalı daha təmkinli idi. "Washington Post" bunu Baydenin Moskva ilə birbaşa toqquşma istəməməsi ilə izah edir.
Eyni səbəbdən o, M1 Abrams tanklarını Ukraynaya verməkdən imtina edib. Baydenin fikrincə, bu, NATO-nun birliyini poza bilər, çünki orada Rusiya ilə döyüşmək istəyənlərin sayı azdır. Bundan əvvəl Pentaqon Kiyevin artıq kifayət qədər hərbi maşına sahib olduğunu, Amerika modellərinin isə çox mürəkkəb olduğunu vurğulayıb. Maraqlıdır ki, amerikalılar bunu etməmişdən əvvəl Almaniya "Abrams"ı tədarük etmək istəmədiyini bəyan etmişdi.
"Politico" yazır ki, Zelenski məyusdur. Amerika rəsmiləri və jurnalistlərin əhatəsində "Biz daha çox "Patriotlar" almaq istərdik" – deyərək əlavə edib: "Çox heyif".
KİV-in məlumatına görə, Bayden Zelenski ilə görüşdən davam edən hərbi əməliyyatlar barədə ciddi söhbət etmək üçün istifadə edib. ABŞ prezidenti ehtiyatlılığını izah etməyə çalışıb, həmkarı isə Kiyevin yalnız Vaşinqtona arxalandığını açıq şəkildə bildirib. Eyni zamanda, onlar Moskva ilə gələcək danışıqlara ümumi yanaşma barədə razılığa gəlməyə çalışıblar, lakin "The Washington Post" yazır ki, bu, daha çox akademik müzakirə xarakteri daşıyıb. İctimaiyyət qarşısında Ukrayna rəhbəri yalnız bütün ərazilərin "azad edilməli olduğunu" təkrar edib.
Pərdə arxasında
"RİA Novosti" tərəfindən rəyi soruşulan ekspertlər hesab edirlər ki, bu görüş Zelenskidən daha çox Baydenə lazım idi. Kiyev Amerikanın kuklası olaraq qalır və müstəqillik qazanmaq üçün edilən bütün cəhdlər uğursuzluğa məhkumdur.
"Zelenskini dünya səviyyəli liderə qədər şişirdən amerikalılar özlərinin qoyduqları tələlərə düşdülər. Ukrayna Prezidenti Amerika siyasətini müəyyən edə biləcəyini bildirib. Onu yanına çağıran Bayden xatırladıb: hadisələrin necə inkişaf edəcəyinə yalnız Ağ Ev qərar verir. Ukraynanın yalnız bir məşvərətçi səsi var. Eyni zamanda, Zelenskinin xaltasını bir az uzun ediblər" - deyə Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Vladimir Vasilyev izah edir.
Sülhməramlı təşəbbüslər və konfliktologiya İnstitutunun rəhbəri Denis Denisov vurğulayır: amerikalılar Kiyevə münaqişəni lazımi səviyyədə saxlamaq üçün lazım olan qədər silah verirlər. "Cəbhədəki vəziyyət Ukrayna Baş Qərargahında deyil, Pentaqonda təhlil edilir və tədarük nomenklaturası ilə bağlı qərarlar da orada qəbul edilir. Bu vəziyyətdə Kiyevin maraqları ikincidir".
Ekspertlər əmindirlər ki, əgər Ukrayna prezidenti nəzarətdən çıxsaydı, ona belə möhtəşəm ziyafət verilməzdi. Bunun başqa bir təsdiqi isə sülh və diplomatik həll haqqında bəyanatların olmamasıdır. Zelenskinin həyata keçməmiş ümidlərinə gəlincə isə, ekspertlər amerikalıların, təxminən, yarısının hərbi əməliyyatlarda birbaşa iştirak etmək istəmədiyini qeyd edirlər.