BAKI, 23 dekabr — Sputnik. Rusiya Avropa İttifaqının neft və neft məhsullarına tətbiq etdiyi qiymət həddi şərtinə əməl olunmasını tələb edəcək ölkələrə və hüquqi şəxslərə bu məhsullarının tədarükünü qadağan etməyi planlaşdırır. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
O, G7 ölkələri və Avropa İttifaqı tərəfindən müəyyən edilmiş neftin qiymətinin həddinə cavab olaraq Rusiya Prezidentinin gözlənilən fərmanını xatırladıb.
"Ona görə də biz qismən hasilatı azaltmağa hazırıq, gələn ilin əvvəlində hardasa gündəlik 500-700 min barel azalmamız ola bilər. Bu, bizim üçün təqribən 5-7 faizdir", - Novak "Rusiya 24" telekanalına müsahibəsində deyib. Baş nazirin müavininin sözlərinə görə, bu həcm əhəmiyyətsizdir, lakin buna baxmayaraq, belə risklər mövcuddur.
Qərbin neft sanksiyaları dekabrın 5-də qüvvəyə minib. Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb, üstəlik, G7 ölkələri, Avstraliya və Aİ bu cür neftə 60 dollar/barel qiymət limiti qoyub.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak qərarı şərh edərkən bildirib ki, Rusiya hasilatı azaltmalı olsa belə, neft qiymətlərinə məhdudiyyət qoyulmasını qəbul etməyəcək. O əlavə edib ki, bu cür məhdudiyyətlər bazar alətlərinə müdaxilədir, Rusiya yalnız bazar şəraitində işləyəcək istehlakçılarla işləməyə hazırdır.