CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatdan autizm xəstələri ilə bağlı çağırış - "Bu adamlara yazığınız gəlsin"

Tahir Kərimli Autizm Defektoloji Yardım Mərkəzinə ayrılan torpaq sahəsində tikintiyə icazə verilməməsindən şikayətlənib.
Sputnik
BAKI, 23 dekabr — Sputnik. "Azərbaycanda Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi var, 1000-dən yuxarı autizim xəstəsi burada qeydiyyatdadır".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Deputat bildirib ki, Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi bütün orqanlara müraciət edib: "43 autizm xəstəsinin valideyni mənə 500 adamın adından müraciət edib. Azərbaycanda ümumilikdə 5000 autizm xəstəsi var. Bu xəstələrə baxılmalı, onlar cəmiyyətə qayıtmalıdır. Yeni Günəşlidə ayrılan torpaq sahəsi restoran üçün nəzərdə tutulsaydı, tikintiyə o dəqiqə icazə verilərdi, bu uşaqlar üçün yer ayrılıb, amma tikintiyə icazə verilmir. Bu uşaqlar evdə kəndirə bağlanıb saxlanılır, onlar mənim gözümün qabağından getmir. Analar hayqırır, göz yaşı tökürlər. Parlament rəhbərliyindən xahiş edirəm ki, bu məsələnin üstündə dursun. Tikintiyə niyə icazə verilmir? Mən qoca vaxtımda yalvarıram, bu adamlara yazığınız gəlsin".
Sədr Sahibə Qafarova deputatın çıxışına reaksiya verib: "Bütün sənədləri yığmısınız, sənədlərlə müraciət edin".
Autizm xəstəliyi nədir?
Qeyd edək ki, autizm erkən uşaqlıq dövründə ən çox rast gəlinən ciddi xəstəliklərdən biridir. Simptomları bəzən çox erkən yaşlarda müşahidə olunur (məsələn, 8 aylıq), lakin əksər hallarda 18-30 ay arasında da aşkar edilir. Bu hala daha çox oğlanlarda rast gəlinir.
Autizm zamanı problemlər əsasən üç sahədə olur:
sosial qarşılıqlı əlaqədə keyfiyyət pozğunluğu,
şifahi və şifahi olmayan ünsiyyət, oyun fəaliyyətindəki pozğunluq,
məhdud maraq və fəaliyyət, təkrarlanan hərəkətlər.
Autizm əlamətləri hansılardır?
Bir çox davranış xüsusiyyətlərindən autizmli şəxsləri təsvir etmək üçün istifadə olunur. Ancaq bu xüsusiyyətlərin heç biri bütün autizmli insanlarda olmur. Hadisələrin hamısı tez-tez, eyni anda baş vermir və simptomlar zamanla insanda dəyişə bilir. Autistik xəstəliklərdə fərqli xüsusiyyətlərin görülməsinin səbəblərindən biri xəstəliyin şiddətlidən yüngülə qədər bir çox formasının olmasıdır. Atipik olan formaları gənc yaşda aşkarlamaq çətindir.