BAKI, 23 dekabr — Sputnik. Laçın-Xankəndi yolunda keçirilən dinc etiraz aksiyasının əsas səbəbi Qarabağda yerləşən faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismar olunmasıdır.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
"Ermənistan bizim faydalı qazıntı yataqlarımızı qanunsuz şəkildə və barbarcasına istismar edib. Bunu təsdiq edən xarici və yerli mütəxəssis rəyləri mövcuddur. Bu rəylər sübut edir ki, Azərbaycanın ekologiyasına külli miqdarda ziyan vurulub. Belə olan halda Azərbaycan ictimaiyyəti öz narazılığını bildirməli idi. Azərbaycan hər zaman səbirli mövqe nümayiş etdirib. Bu məsələ ilə də bağlı keçən ilin noyabrında müraciət edilib və son iki ay ərzində bu müraciətlər daha da intensivləşdirilib, çünki son 2 ayda özünü erməni icmasının rəhbərləri kimi təqdim etməyə çalışanlar meydana çıxıb. Həmin şəxslərin Qarabağa heç bir aidiyyəti olmasa da, onlar özlərini rəhbər sayır və bu şəxslərin gəlişindən sonra ölkəmizin sərvətlərinin talanması daha da sürətlənib. Bu səbəbdən də son aylar ərzində Azərbaycan tərəfi ilə Rusiya sülhməramlı qüvvələri arasında danışıqlar aparılıb, razılığa gəlinib. Bundan sonra ərazinin monitorinqi üçün gedən azərbaycanlı mütəxəssislər ermənilər tərəfindən əraziyə buraxılmayıb. Aktivistlər və ictimaiyyət məsələnin dinc yolla həllinə ümidini itirərək aksiya keçirmək qərarı qəbul etdi", - XİN rəhbəri vurğulayıb.