RUSİYA

Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Azərbaycandakı səfiri görüşüb

Rus Pravoslav Kilsəsinin sülhyaratma potensialı vardır və onun vasitəçiliyi ilə baş tutan dini liderlərin dialoqları sayəsində zamanında Ermənistan-Azərbaycan münaqişəsinin dini qarşıdurma xarakteri almasının qarşısı alınıb.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. Dekabrın 22-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Mixail Boçarnikovla görüşüb.
İdarədən verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında siyasi, iqtisadi, mədəni-humanitar münasibətlərlə yanaşı dini-mənəvi əlaqələrin də mövcud səviyyəsindən razılıq ifadə olunub.
QMİ sədrinin bu ilin dekabrında Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən Rusiyaya səfəri, Zati-müqəddəsləri Patriarx Kirillə görüşü, habelə, dini liderlərin üçtərəfli görüş perspektivləri barədə fikir mübadiləsi aparıldı. Bildirildi ki, Rus Pravoslav Kilsəsinin sülhyaratma potensialı vardır və onun vasitəçiliyi ilə baş tutan dini liderlərin dialoqları sayəsində zamanında Ermənistan-Azərbaycan münaqişəsinin dini qarşıdurma xarakteri almasının qarşısı alınıb.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları Soçi Bəyannaməsində dini liderlərin sülh yönündə səylərinin davam etdirilməsinin mühümlüyünə vurğu edildiyini xatırladan Şeyxülislam A. Paşazadə Patriarx Kirillə görüşü zamanı bu perspektivləri müzakirə etdiyini diqqətə çatdırıb.
QMİ sədri A. Paşazadə Rus Pravoslav Kilsəsinin uzun illər ərzində dinlərarası dialoq müstəvisində nümunəvi sülhyaratma fəaliyyətinə toxunaraq Patriarx Kirillin bu istiqamətdə səylərini hər zaman, bütün iştirak etidiyi bütün platformalarda qeyd etdiyini və yüksək qiymətləndirdiyini səfirin diqqətinə çatdırıb.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası ilə Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq sahəsində səmərəli əməkdaşlıq münasibətlərinin mövcudluğundan, ölkəmizin dini həyatında, dini konfessiyalar müstəvisində fəal icma olaraq iştirak etməsindən razılıq bildirilib.
II Qarabağ müharibəsində Azərbaycan xalqının işğaldan azad etdiyi ərazilərdə gedən genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələri ilə yanaşı vandalizmə məruz qalmış dini-mənəvi irsin dirçəldilməsi, məscidlərlə yanaşı, pravoslav, alban-udi kilsələri və digər məbəd və ziyarətgahların yenidən qurulması, bərpası və qorunması sahəsində misilsiz işlər görüldüyünü qeyd edən Şeyxülislam A. Paşazadə bütün bunların Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirildiyini qürurla qeyd edib.
Bildirib ki, Azərbaycan Prezidentinin azad Qarabağa elə bir səfəri olmur ki, dini-mənəvi əhəmiyyətli abidələrə qayğı və dövlət himayəsini nümayiş etdirməsin. Multikultural dəyərlər ölkəsi olan Azərbaycanda bu ali diqqət təkcə məscid, İslam abidələrini deyil, xristian, yəhudi məbədlərini də ehtiva edir.
Şeyxülislam A. Paşazadə son zamanlar Rusiya və Ukrayna ətrafında yaşanan gərginlikdən xeyli narahat olduğunu, bu mövzunun tezliklə xoş məramla həllini tapması, iki yaxın qardaş olan xalqlar arasında münasibətlərin yoluna qoyulması üçün dualar etdiyini rusiyalı səfirin diqqətinə çatdırıb.
QMİ sədri RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının mərhum Arxiyepiskopu Aleksandrın əziz xatirəsini hər zaman andığını və onun Azərbaycan-Rusiya mənəvi əlaqələrinin inkişafına uzun illər ərzində verdiyi töhfələri yüksək dəyərləndirdiyini bildirib.
RF-nın ölkəmizdəki səfiri M. Boçarnikov Şeyxülislamla görüş imkanına görə təşəkkürlərini bildirdi və Rusiya ilə Azərbaycan arasında geniş spektr üzrə münasibətlərin hər iki dövlətin mənafeləri naminə uğurla davam və inkişaf etdiyini vurğulayıb.
Bildirib ki, Rusiyada Azərbaycanın regionda vəziyyətin və iqtisadi əlaqələrin normallaşması ilə bağlı mövqeləri bütün tərəflər üçün faydalı kimi yüksək qiymətləndirilir.
Dövlət başçılarımızın səyləri sayəsində ölkələrimiz arasında siyasi, ticari-iqtisadi, logistik əlaqələrin getdikcə dərinləşməsindən, kommunikasiya layihələrindən, çoxtərəfli əlaqələrin qurulmasından məmnunluğunu ifadə edən rusiyalı səfir Pus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası dialoq çərçivəsində nümunəvi dini-mənəvi əlaqələrin mövcudluğunu böyük dəyər kimi qiymətləndirib.
Bu işdə böyük nüfuza malik dini lider olaraq Şeyxülislam A. Paşazadənin səylərinin, 40 ildən artıq müddət ərzində sülhyönümlü, xoşməramlı fəaliyyətinin böyük əhəmiyyət daşıdığını bildirib.
Xalqlarımız, dövlətlərimiz arasında mövcud dostluq, qardaşlıq, strateji əməkdaşlıq bağlarının qorunub saxlanılması, inkişaf etdirilməsinin vacib olduğu qeyd olunub.
Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Aleksiy Nikonorov iştirak edib.