RUSİYA

Rusiya Türkiyəyə ilk dəfə rublla taxıl satıb – hələ ki, təcrübə qismində

Hələ iyun ayında Abramçenko jurnalistlərə Rusiyanın dost ölkələrlə milli valyutalarda hesablaşmalara keçməyə hazır olduğunu və artıq bu mövzuda danışıqlar apardığını söyləmişdi.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. Rusiya payızda Türkiyəyə ilk dəfə rublla taxıl tədarük edib. İlk təcrübə uğurlu alınıb. Bunu Rusiya Federasiyasının baş nazirinin müavini Viktoriya Abramçenko "NTV" kanalının efirində sualı cavablandırarkən bildirib.
"Biz bu payızda eksperiment etdik. Bir sövdələşmə baş verdi, hesablaşmalar rublla oldu. Həmin sövdələşmə Türkiyə ilə aparıldı. Amma hələlik bu, qaydadan daha çox təcrübədir", - deyə Abramçenko, "NTV" kanalının efirində ona ünvanlanan "Rusiya dünyanın hansı yeni regionlarına və hansı valyutaya taxıl verir?" sualına cavab verib.
"Mərkəzi Bankımız bu hesablaşma mexanizmini milli valyutalarda tətbiq etmək üçün bütün dost ölkələrlə işləyir. Yəni, prinsipcə, bu mümkündür. Birinci eksperiment uğurlu alınıb", - deyə o əlavə edib.
Rusiya Federasiyasının baş nazirinin müavini Viktoriya Abramçenko, arxiv şəkli
"Rusiya hazırda 150 ölkəni ərzaqla təmin edir. Bu, kifayət qədər çoxlu sayda və əhalisinin ən çox artdığı ölkələrdir. Və bu ölkələr Rusiya Federasiyasına qarşı dost münasibətdədirlər", - deyə baş nazirin müavini qeyd edib.
Onun sözlərinə görə, 2022-ci ildə Rusiya Federasiyası artıq 21 milyon ton ərzaq və 14,5 milyon ton gübrə ixrac edib.
"Yəni, sanksiyalara - əslində bizimlə logistik müharibəyə, hesablaşmalarda qadağalara, bizi banklararası sistemdən ayırmaq cəhdlərinə baxmayaraq, ərzaq və mineral gübrə ticarəti davam edir. Bu, çətindir. Biz bu çətinliklərin öhdəsindən gəlirik", - deyə Abramçenko sözünü yekunlaşdırıb.
Xatırladaq ki, hələ iyun ayında Abramçenko jurnalistlərə Rusiyanın dost ölkələrlə milli valyutalarda hesablaşmalara keçməyə hazır olduğunu və artıq bu mövzuda danışıqlar apardığını söyləmişdi.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşev daha əvvəl, may ayında bəyan etmişdi ki, şöbə Yaxın Şərq və Şimali Afrika ölkələri ilə taxıl tenderlərində tədarük üçün rublla hesablaşmalara keçmək, habelə Avropa banklarını xaric etmək üçün hesablama mexanizminə yenidən baxılması imkanlarını müzakirə edəcək.