BAKI, 22 dekabr — Sputnik. Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində italiyalı musiqisevərlər üçün ustad dərsi təşkil olunub. Bu barədə Əməkdar artist, Prezident mükafatçısı tarzən Sahib Paşazadə məlumat verib.
Tarzən qonaqlara Azərbaycanın muğam sənəti və musiqi mədəniyyəti barədə ətraflı danışıb. Bildirilib ki, Azərbaycan muğamı 2008-ci ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunub.
Bundan başqa, Azərbaycan tarı və onun ifaçılıq sənəti 2012-ci ildə, kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti isə 2017-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Sonra tarzən Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatı, gənc xanəndə Kamilə Nəbiyeva və Əməkdar artist, kamança ustası Xəyyam Məmmədov Azərbaycan milli musiqisindən nümunələr səsləndiriblər. Azərbaycan muğamı italiyalı musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Həmçinin beynəlxalq müsabiqələr laureatı pianoçu Səidə Tağızadə və tarzən Sahib Paşazadə Azərbaycan və İtaliya musiqisinin nümunələrini ifa ediblər.
Qonaqlar Mədəniyyət Mərkəzinin ekspozisiya zallarında sərgilənən və Azərbaycan tarixini əks etdirən incəsənət nümunələri ilə də tanış olublar.