PAYTAXT XƏBƏRLƏRİ

Həmrəylik Günü və Yeni il münasibətilə Milli Parkda atəşfəşanlıq olacaq

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dekabrın 31-də Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı təşkil ediləcək.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. Bakıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il bayramı münasibətilə atəşfəşanlıq təşkil olunacaq.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Ayaz İmaməliyev bildirib.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dekabrın 31-də Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı təşkil ediləcək.
Qeyd edək ki, hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.
Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilib.