Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırıq - Paşinyan

Ermənistanın Baş naziri bildirib ki, bir neçə ay əvvəl Ermənistan sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın gələcək işi ilə bağlı öz təkliflərini Azərbaycana təqdim edib.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. İrəvan sülh müqaviləsi ilə bağlı təkliflərini Bakıya təqdim edib və bu məzmunda onu imzalamağa hazırdır. İnterfaks xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Ermənistan sülh müqaviləsi ilə bağlı təkliflərini Azərbaycana təqdim edib. Biz bu məzmunda saziş imzalamağa hazırıq və ümid edirəm ki, Azərbaycanın reaksiyası müsbət olacaq", - Paşinyan cümə axşamı hökumətin iclasında deyib.
Onun sözlərinə görə, bir neçə ay əvvəl Ermənistan sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın gələcək işi ilə bağlı öz təkliflərini Azərbaycana təqdim edib.
"Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı təkliflərini verib və qərar verməyə hazırdır", - deyə Paşinyan bildirib.
Ermənistanın Baş naziri bəyan edib ki, İrəvan regionda sülh və sabitliyin təmin edilməsi üçün səylərini davam etdirəcək.
"Biz bu missiyanın mürəkkəbliyini başa düşürük, lakin bu, bizim məqsədyönlülüyümüzü dəyişmir", - Paşinyan bildirib.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirmişdi ki, Azərbaycan tərəfinin üçüncü cavab paketi artıq Ermənistan tərəfinə təqdim edilib.
Onun qənaətinə görə, bu ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu keçirilə bilər.